Fevralın 21-də, Şəki Dövlət Regional Kolleci Publik Hüquqi Şəxsində "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" və "Nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan, sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yol verilməzliyi" mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, kollecin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, Kollecin Tələbə Gənclər Təşkilatı, eləcə də tələbələr iştirak ediblər.
Tədbir, mövcud pandemiya qaydalarına uyğun olaraq, tibbi maskadan istifadə etməklə və sosial məsafə gözlənilməklə keçirilib.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin keçirilməsində əsas məqsədin, yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi olduğu bildirilib. Belə ki, polis baş leytenantı Tural Niftalıyev çıxış edərkən qeyd edib ki, ötən il respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin 43.7%-i piyadaların iştirakı ilə baş verib. Hadisələrin 2%-i piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verib. Belə qənaətə gəlmək olar ki, piyadalar yol hərəkəti qaydalarını lazımi səviyyədə bilmirlər və əməl etmirlər. Ona görə də, təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin aparılması zərurəti yaranır.
Qeyd olunub ki, aparılan bu profilaktiki tədbirlər müsbət nəticə verir. Belə ki, ötən il Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xidməti ərazisində baş verən yol-nəqliyyat hadisələrinin 33.3%-i piyadaların iştirakı ilə baş versədə, həmin hadisələrin heç biri piyadanın yol hərəkəti qaydasını pozması səbəbindən baş verməyib.
Tədbir, diskusiya şəklində təşkil olunub. Sualların cavablandırılmasında fəallıq göstərərək fərqləndiyi üçün, kollecin III kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Novruzlu Nadya Rövşən qızı, polis baş leytenantı Tural Niftalıyev tərəfindən sürücülük vəsiqəsi almaq üçün DYP-də keçirilən imtahanlara hazırlıq vəsaiti ilə mükafatlandırılıb.
Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, Şəki Dövlət Regional Kolleci Publik Hüquqi Şəxsin tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələri maarifləndirdiyinə görə, polis baş leytenantı Tural Niftalıyevə kollecin rəhbərliyi adından minnətdarlığını bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man