Ukrayna ətrafında
baş verən gərginlik ABŞ və Qərbin media resursları tərəfindən məqsədyönlü şəkildə
manipulyasiya edilərək müharibə fonunda ictimaiyyətə təqdim edilir. Aydın məsələdir
ki, rəsmi Vaşinqton media resurslarından Kremlə qarşı təzyiq vasitəsi kimi
istifadə edir. Bununla o Rusiyaya həm özünün, həm də Qərbin nə qədər qərarlı və
israrlı olduğunu göstərmək istəyir.
ABŞ-dan
fərqli olaraq hazırda NATO daxilində heç də bütün ölkələr Kremllə gərginlik
yaşamaq istəmir. Hazırda Rusiya ilə iqtisadi-siyasi münasibətləri olan və
dini-etnik baxımdan yaxın ölkələr var. Xüsusilə bu ölkələr mövcud vəziyyətdən
narazıdır. Misal üçün, Xorvatiya bu ölkələrdən biridir.
Ötən gün
Xorvatiya Prezidenti Zoran Milanoviç Ukrayna ilə Rusiya arasında müharibə
başlayacağı halda hansı addımların atılacağı ilə bağlı sualları cavablandırarkən
deyib ki, mən Xorvatiya ordusunun baş komandanıyam və Ukrayna ilə Rusiya
arasında münaqişənin gərginləşəcəyi təqdirdə Xorvatiya ordusunun bütün üzvlərini
çıxaracağam.
Xatırladaq
ki, Xorvatiya əhalisi hər şeydən əvvəl slavyan xalqdır və həm Ukrayna, həm də
Rusiya ilə yaxındır. Mövcud vəziyyətdə tərəf tutmaq istəmədiyi kimi, ehtimal
edilən müharibəyə də qoşulmaq istəmir.
Lakin indiki halda Xorvatiyanın belə bir qərar verməsinin əsas səbəbi həm də
ABŞ-la bağlıdır. Məsələ ondadır ki, rəsmi Vaşinqton Ukraynaya birbaşa dəstək
vermir, Ukraynaya qoşun göndərmir. Bununla belə NATO-nu önə çəkərək Şərqi
Avropada alyansın hərbi kontingenti artırır. Faktiki olaraq Ukrayna konfliktində
NATO və Kreml üz-üzə gəlir. Bu vəziyyətdən isə ən çox zərər görəcək olan təbii
ki, alyans üzvləridir.
Xarvatiya
rəhbərliyi görünür, bunu anlayır və Vaşinqtonun müdaxilə etmək istəmədiyi bir məsələyə
NATO adı altında müdaxilə etmək istəmir. Milanoviçin "Qərarımız tamamilə Co
Bayden rəhbərliyinin dinamikası və Amerikanın daxili siyasətindən asılıdır”
sözləri də rəsmi Vaşinqtona açıq mesajdır. Yəni Bayden Ukraynaya qoşun göndərəcəksə,
NATO üzvləri də göndərəcək. Əks təqdirdə Xorvatiya və digər Avropa ölkələri
ABŞ-ın istəyi ilə Ukraynada Rusiyaya qarşı döyüşməkdən bir-bir imtina edəcək.
Turan
Rzayev