Azərbaycanın ikinci böyük şəhəri Gəncədə trolleybus əlamətdar bir gündə - 1 may 1955-ci ildə xidmətə açıldı.
Avtosfer.az-ın xəbərinəgörə, Gəncə o vaxtadək elektrikli nəqliyyatla tanış idi. Nizami yurdunda tramvaylar işləyirdi. Tramvay öz gəlişi ilə şəhərdə 2 nəqliyyat növünü - hələ çar Rusiyası zamanında qurulmuş konka və kukuşkanı sıradan çıxarmışdı. Taleyin qınağına bax ki, yeni nəqliyyat növü tramvayın qəniminə çevrildi.
Gəncədə (o zamankı Kirovabad) trolleybusa tələbat ilk dövrlərdən çox yüksək olub. Yeni sənaye müəssisələrinin və əhalinin sayının artması ilə daha geniş ərazini əhatə edən nəqliyyat növünə ehtiyac duyulurdu. Trolleybusların sərnişin tutumu avtobusdan çox idi.
Trolleybus şəbəkəsinin genişlənməsi tramvaya tələbatı azaltdı. Yeni nəqliyyat qısa vaxtda tramvay və avtobuslara rəqib oldu. Bu rəqabət 1976-cı ildə tramvayın ləğv edilməsi ilə nəticələndi. Şəhər rəhbərliyi trolleybus xətlərini genişləndirmək hesabına tramvaydan imtina etdi. 80-ci illərin ortalarında trolleybus öz inkişafının zirvəsinə çatdı. Artıq marşrut sayı 8-ə, xətlərin ümumi uzunluğu isə 112.9 km-ə çatmışdı. Şəhərdə sovet modeli “MTB-82”, “ZİU-5” və “ZİU-9” trolleybuslarla yanaşı Çexiyanın (Çexoslovakiya) “Scoda-9” və “Scoda-14” trolleybusları da işləyirdi.
Qara günlər
Bütün SSRİ-də olduğu kimi Gəncə şəhərində də trolleybus parkının qara günləri 90-cı illərdə başladı. Baxımsızlıq və yeni texnikanın alınmaması səbəbindən trolleybuslar köhnəlib eybəcər hala düşdü. Şəhər rəhbərliyi də marşrut taksilərin sayını artırmaq üçün trolleybus xətlərinin sayını azaltdı. Rəhbərlik azalan xətlərin hesabına digər xətlərə daha çox sayda maşın buraxmaq vədini yerinə yetirmədi. Nə yeni trolleybus alındı, nə də parka qulluq edildi. 21-ci əsrdə isə trolleybuslar ekstremal şəraitdə işləməyə məcbur oldular. Tez-tez elektrik kəsintisi ilə yanaşı bəzi yerlərdə ümumiyyətlə kontakt xətti yox idi. Sürücülər belə sahələrdə trolleybusu ətalətlə idarə edirdilər. Kontakt xəttindəki mis naqillər də vaxtaşırı metal oğrularının diqqətini çəkirdi. Dəmir yol vağzalı ilə şəhərin kasıb məhəllələrini əlaqələndirən sonuncu xətdə isə axırıncı illərdə cəmi 10 maşın işləyirdi. Təbii ki, burda da stabil hərəkətdən söz gedə bilməzdi.
Trolleybus parkında isə 1993-cü ildə qaçqınlar məskunlaşdı. Sürücülər işdən sonra maşınları parka qaytarmır, evlərinə yaxın yerdə saxlayırdılar. 2004-cü ildə artıq trolleybus parkının həyəti və ətrafı hürdür bir metal qalağına çevrilmişdi. 2004-cü ilin sonlarında parkdakı kontakt xətti də söküldü. Trolleybuslar isə bir müddət sonra metaləritmə müəssisələrinə göndərildi.
Gəncə trolleybusu 45 yaşına az qalmış bir müəssisə kimi tam ləğv edildi. Hazırda Gəncədə mövcud olmuş trolleybus sistemindən heç bir nişanə qalmayıb.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man