Türkiyədə ötən ilin mart ayında baş vermiş dəhşətli hadisənin üstü açılıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, "cin çıxarma” seansı zamanı gənc bir qadının dünyasını dəyişdiyi məlum olub.
Belə ki, Ankara şəhərində psixoloji problemləri olan 30 yaşlı Özge Nur Tekinə molla olduğunu iddia edən Erdal Kaya adlı bir şəxsin məsləhəti əsasında "cin çıxarma” seansı tətbiq olunub.
Seansı qadının həyat yoldaşı Selçuk Tekin Erdal Kaya ilə telefonda söhbət aparararaq tətbiq edib. Bu zaman "molla” Tekinə "içinə cin girib, dediklərimi etsəniz, yoldaşınızı xilas edərəm” deyib. "Molla” Selçuk Tekinə qadının belinə oxlov ilə 100 dəfə vurmasını, daha sonra isə hicama etməyi tövsiyə edib. Ən sonda isə bir qurban kəsmək lazım gəldiyini deyib.
"Molla”nın dediklərini edən S.Tekin daha sonra həyat yoldaşı və ailəsi ilə qurban kəsməyə yollanıb. Lakin burada qadının halı pisləşib. Huşunu itirən qadının ailəsi həmin an "molla”ya zəng edib, "molla" isə ikinci bir qurban kəssələr, qadının özünə gələcəyini deyərək onları sakitləşdirib.
İkinci qurban kəsildikdən sonra isə qadının vəziyyəti düzəlmədiyi üçün o, xəstəxanaya çatdırılıb. Lakin çox gec olduğundan xəstəxanaya çatdıqda qadının öldüyü bildirilib.
İstintaqı tamamlayan prokurorluq Selçuk Tekine qarşı "həyat yoldaşına qəsdən xəsarət yetirilməsi nəticəsində ölümə səbəb olmaq” maddəsi ilə iddia qaldırıb. Bununla yanaşı, qadının valideynləri, Selçuk Tekinin anası, hicamanı həyata keçirən qadın və "molla” Erdal Kaya barəsində "cinayətdə iştirak etməkdən” 18 ilə qədər həbs istənilir.
Hadisədən sonra saxlanılan Erdal Kaya qaynaqçı olaraq işlədiyini, dinlə bağlı məlumatı olduğundan insanlara tövsiyyə verdiyini bildirib. O. Tekin ailəsinə dua və tövbə etmələrini, nəzirlərini vermələrini dediyini bildirib. "Molla" qadını oxlovla vurmaq, hicama etdirməklə bağlı deyilənləri isə təkzib edib.