Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən verilmiş müvafiq göstərişə əsasən polis qanunsuz parkinq "işlədən" və vətəndaşlardan pul tələb edənlərə qarşı reydlərə başlayıb. Bu gün Avtosfer.az Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birlikdə reydlərdə iştirak edib. Maraqlıdır ki, hər zaman vərdiş etdiyimiz mənzərə bu gün birdən-birə "yoxa çıxmışdı". Ən qaynar nöqtələrində belə "parkovşiklər" yox idi. Sürücülər də bildirdilər ki, bu gün səhərdən bu şəxslərlə qarşılaşmayıblar.
Qeyd edək ki, dünən Bakı şəhər DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlama verərək bildirmişdi ki, polis müvafiq addımlar atacaq.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bir gecəyə bu adamların yoxa çıxması onu göstərir ki, parkinq işi ilə məşğul olanların arxasında kifayət qədər ciddi fiqurlar dayanır. "Təsəvvür edin ki, sanki düymə basılıb və bu adamlar yoxdur. Görünən odur ki, bu sistem bir mərkəzdən idarə olunur. Sanki bu adamlar polisə mesaj verir ki, biz istəsək bir günə itə bilirik. Artıq bu adamlar bütün sərhədləri keçir."
Səbail rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Elnur Rəhimov Avtosfer.az-a bildirib ki, bu cür tədbirlər mütamadi olaraq davam etdiriləcək. "Bu şəxslər düşünməsin ki, reydlər müvəqqətidir. Artıq bu tədbirlər polisin gündəlik iş planına daxil edilib."
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapıb. "Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər.
Bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən əl çəksinlər. Düşünməsinlər ki, bu müvəqqətidir. Polis bu məsələyə son qoymaqda israrlıdır".
Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları bugündən etibarən tədbirlərə başlayıb.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man