Avtovağzallarda sərnişin qıtlığı: Bunu necə tənzimləmək olar?

Gündəm 18 Yanvar 2022 | 12:47
OXUNUB: 684

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində ölkədə fəaliyyət göstərən avtovağzal və avtostansiyaların rəhbərləri ilə görüş keçirilib.

Görüşdə sərnişindaşıma sahəsində çatışmazlıqların müəyyənləşdirilməsi, onların həlli yolları, daşıyıcıların fəaliyyəti, sahibkarların qarşılaşdığı problemlər müzakirə olunub.

Bildirilib ki, koronavirus (COVID-19) pandemiyası dövründə sərnişin axını nəzərəçarpacaq dərəcədə azalıb və bununla da avtovağzalların rentabelliyində azalma baş verib.

“Hazırda əsas problem avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Bu da öz növbəsində avtovağzallarda qanuni fəaliyyət göstərən avtobusların reysə çıxmasına mane olur, daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur. Sahibkarlar işlətdikləri nəqliyyat vasitələrinin yenilənməsində çətinlik çəkirlər. Eyni zamanda sərnişinlərin həyatı, sağlamlığı və yollarda təhlükəsizliklə bağlı ciddi problemlər yaranır”.

Ölkəmizdə bölgələrə sərnişin daşıyan avtobusların təkcə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən deyil, həmin avtovağzalın ətrafından da sərnişin daşımalarının şahidi oluruq. Bunlar əsasən, kiçik tutumlu mikroavtobuslar olur. Bu avtobuslar qanunsuz fəaliyyət göstərir, sürücülərin sağlamlığı və avtomillərin nasaz olmamasına heç kim təminat vermir. Buna baxmayaraq, sərnişinlər həmin xidmətdən daha çox istifadə edirlər.

Buna səbəb nədir? Niyə sərnişinlər belə avtobuslardan istifadə etməyə üstünlük verirlər, bunu necə tənzimləmək olar?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bunun bir çox səbəbləri var:

“Avtovağzalın ətrafındakı vəziyyəti müşahidə eləmişəm, monitorinqlər aparıb görmüşük ki, həqiqətən də, gündəlik sərnişin səfər sayı avtovağzalın içindən çox çölündə baş verir.

Bu da avtovağzalların fəaliyyətinə mənfi təsir göstərir. Çünki dövlət tərəfindən milyonlarla vəsait xərclənir, avtovağzallar tikilir və avtovağzallar boş qalır, kimlərsə avtovağzalın kənarında özünə biznes qurur, iş görür.

Avtovağzallar da sərnişin qıtlığı ilə üzləşirlər. Bu proses pandemiya dövründə daha çox intensivləşdi, pandemiya dövründə avtovağzallar bağlandı, insanlar qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslardan, taxilərdən daha çox istifadə etdilər.

Beləliklə, bu, artıq bir vərdiş halını alıb. Təəssüf ki, son vaxtlar baş verən qəzaların təhlili də göstərir ki, sərnişin mikroavtobuslarında, taxilərdə baş verən qəzaları da elə avtovağzaldan kənar hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri törədir. Onların tibbi müayinə məsələsi açıq qalır. Avtomobillərin texniki sazlığı yoxlanılmır, sürücülərin iş və istirahət rejimi nəzarətsizdir. Cəmiyyətdə də, təəssüflər olsun ki, tamah məsələsi baş yarır.

Məsələn, bir gündə Bakıdan 4 saat yol sürməklə rayona gedir, getdiyi yerdə bir saat dincəlmədən yenidən sərnişin götürüb geri qayıdır. Axşam bir dəfə də sərnişin götürüb təzədən rayona qayıdır. Lakin qəza törədir, rayon əvəzinə o dünyaya gedir. Özüylə bərabər neçə nəfəri şikəst edir”.

Ekspert sözügedən avtobuslar üçün avtovağzalda şərait yaradıldığını bildirib:

“Avtovağzal demir ki, onlar işləməsin. Avtovağzal onları öz ərazilərinə dəvət edir. Böyük bir məbləğ deyil, cüzi bir ödəniş edin, avtomobiliniz texniki müayinədən keçirilsin, sürücülərin tibbi müayinəsi təmin edilsin və qanuni fəaliyyət göstərilsin. Avtovağzalda minik avtomobilləri, mikroavtobuslar və avtobuslar üçün də şərait var. Amma bu gün müşahidə edilən mənzərə arzuolunan səviyyədə deyil, tam təhlükə həddindədir”.

Elməddin Muradlının sözlərinə görə, avtovağzalın çölündə qanunsuz fəaliyyət göstərənlərin bəziləri həm də avtovağzalın içində fəaliyyət göstərənlərdir:

“Apardığım araşdırmalar nəticəsində üzə çıxdı ki, qanuni sərnişin daşıyan sahibkarların bəziləri kiçiktutumlu avtobuslar alıb həm də avtovağzalın çölündə də qanunsuz fəaliyyət göstərirlər. Yəni həm oradan, həm buradan qazanım prinsipi ilə işləyirlər. İçəridə dövlətə göstərirəm ki,burdayam, işləyirəm, həm də dövlətdən gizlin çöldə də qanunsuz fəaliyyət göstərirəm. Bu, ciddi bir təhlükəyə çevrilib, həm sərnişinlərin, həm sürücülərin həyatı təhlükədədir. Dövlətin xərclədiyi milyonlarla vəsait də sanki havada sovrulub gedir”.

Ekspert bu məslənin həlli üçün çıxış yollarına da toxunub:

“Bu istiqamətdə Bakı şəhərində həm Nəqliyyat Agentliyi, həm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həm də Dövlət Yol Polisi birgə fəaliyyət göstərməlidir. Necə olur Bakının hansısa küçəsində “dayanma, durma” nişanının tələbini pozan şəxs gün ərzində 5 dəfə cərimələnir, amma avtovağzalın ətrafında həmin nişanı hörmətsiz bir nişana çevrilib?! Heç kim heç bir tədbir görmür.

Burada mənim işim deyil, onun işidir məsələsi olmamalıdır. Bu məsələdə 3 qurum birgə fəaliyyət göstərməlidir. O zaman biz müsbət nəticəsini görəcəyik. Sərnişin görsə ki, Şamaxinka ərazisində “Qubaya 5 manat” qışqıran sürücü yoxdur, o, məcbur olub avtovağzaldan avtobusa minəcək. Dövlətin nəqliyyatla bağlı vahid strategiyası olmalıdır. Bu strategiyanı da konkret qurumlar səmərəli əməkdaşlıqla həyata keçirməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man