"ASAN Xidmət şəhid ailələri və qazilər
üçün daha mütərrəqi, əlçatan olmalıdır".
Sfera.az xəbər verir ki, bunu deputat Razi
Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bəzi müharibə əllillərinin
ümumiyyətlə qapısının döyülmədiyini, diqqətdən kənar qaldığını deyib:
"Azərbaycanda Birinci Qarabağ müharibəsindən
20 minə yaxın, İkinci Qarabağ müharibəsindən isə 3 minə yaxın şəhid ailəsi var.
Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan
müharibə əlilləri də var. Onlara dövlət qurumları tərəfindən müxtəlif köməkliklər
edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə də
var ki, heç qapısı da döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən
özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım
edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, "Yaşat”
Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və
bunu tənzimləyə bilir. Təklif edirəm ki, ASAN xidmət bu sahədə daha mütərəqqi
və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN
xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və
bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin".
R. Nurullayev qeyd edib ki, bu vahid
informasiya mərkəzinə hər kəsin çıxışı olmalıdır: "Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi
sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün
məlumatları görsün. Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox
problemləri yerində həll edə bilərik".
Deputat xaricdə yaşayan azərbaycanlıların da
bu prosesə qatıla biləcəyini sözlərinə əlavə edib:
"Bütün şəhid ailələrinin, müharibə əlillərinin
və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin də bu reyestrdə birləşdirilməsi
zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər
də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər.
Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə
və yükümüzü hətta 50% azalda bilərlər", - deyə deputat bildirib.
Əzizə Zeynal