2021-ci ildə ölkəmizin gündəmini dəyişən siyasi hadisələr... - Hansı uğurlar əldə edildi?

31 Dekabr 2021 | 12:59
OXUNUB: 1513
2021-ci ilin bitməsinə sayılı günlər qalır. Geridə qoymağa hazırlaşdığımız bu ildə dünyada və ölkəmizdə bir çox önəmli hadisələr meydana gəldi. 
 
2021-ci il ölkəmiz üçün hansı mühüm siyasi hadisələrlə yadda qaldı? 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatı nəticəsində başlayan və 44 gün davam edən II Qarabağ savaşında inamlı və parlaq qələbə qazanan Azərbaycanın regionda yaratdığı yeni reallıq 2021-ci ildə tam təcəlli etdi:

"10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli atəşkəs bəyannaməsi imzalanmışdı. Sözügedən bəyannamənin detallarını özündə ehtiva edən digər 4 maddədən ibarət müqavilə isə 11 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskva şəhərində imzalandı. Bu müqavilə tərəflər arasında kommunikasiyaların, həmçinin Azərbaycan və Naxçıvan arasında "Zəngəzur dəhlizi"nin açılmasını nəzərdə tuturdu. Moskvada imzalanmış müqavilə ilə artıq Ermənistanın üzərinə qəti öhdəlik qoyulmasını təsdiq etmiş oldu. Bundan başqa tərəflər arasında bəzi erməni diversantlarının qaytarılması müqabilində Ermənistanın Azərbaycan ərazilərində basdırdığı  minaların xəritələrini verməsi barədə razılıq əldə edildi".

Politoloqun sözlərinə görə, 21 yanvarda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanması tərəflər arasında uzun illər davam edən soyuq münasibətlərin yenidən isinməsinə və əlaqələrin yenidən inkişaf etdirilməsinə səbəb oldu. 

Samir Hümbətov Ərdoğanın Şuşaya səfərini də 2021-ci ildə baş vermiş mühüm hadisələrdən biri kimi səciyyələndirdi:

"15 iyunda Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın öncə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərinə, oradan isə Şuşa şəhərinə səfəri baş tutdu. Bu səfər iki cəhəti ilə yadda qaldı: Birincisi, Şuşaya ilk xarici dövlət başçısı kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər etdi. İkincisi, Azərbaycan və Türkiyə arasında üçüncü genişmiqyaslı müqavilə - tarixə "Şuşa bəyannaməsi" adı ilə daxil olan sənəd məhz burada imzalandı. Həmin müqaviləyə əsasən tərəflər arasında siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olundu”. 

Politoloq xatırlatdı ki, 24 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasının 76-cı ssesiyası baş tutdu və bu sessiyada ölkə başçısı İlham Əliyev də çıxış edərək ötən bir il ərzində baş verənlərə toxundu:

"2021-ci ilin sentyabr-oktyabr aylarında İran və Azərbaycan arasında ciddi gərginliklər yaşandı. Hətta İran tərəfi sərhədə yaxın ərazilərdə hərbi təlimlər keçməklə Azərbaycanı təhdid etməyə çalışdı. Amma Azərbaycanın qətiyyətli mövqeyi qonşu dövləti atdığı addımı yenidən korrektə etməyə məcbur etdi”.
Siyasi şərhçi ilin sonlarına doğru baş verən əsas hadisələri isə belə sıraladı:

"26 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri baş tutdu. Bu səfər çərçivəsində Türkiyə prezidenti Füzuli Beynəlxalq Hava Limanının açılışında və "Zəngəzur dəhlizi"nin Azərbaycan hissəsində təməlqoyma mərasimində iştirak etdi. Bununla da "Zəngəzur dəhlizi”nin açılması istiqamətində ikinci əməli addım atılmış oldu.

12 noyabrda Türkiyənin İstanbul şəhərində Türkdilli dövlətlərin dövlət başçılarının VIII zirvə toplantısı baş tutdu və bu toplantıda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. Həmin toplantıda təşkilatın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. 

26 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Rusiyanın Soçi şəhərində növbəti görüş baş tutdu. Tərəflərin müzakirə etdikləri əsas məsələlər sırasında sərhədlərin delimitasiya və demarkasiyası, regionda II Qarabağ savaşından sonrakı durum, kommunikasiyaların açılması və s. mövzular vardı”.

28 noyabrda isə Türkmənistanın Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatın XV zirvə görüşü baş tutdu. Bu görüşdə ölkə başçısı İlham Əliyev də iştirak etdi. Görüş zamanı ölkə başçısı təşkilata daxil olan dövlətlərin başçıları ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirdi. 

14 dekabrda isə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Bu görüşdə tərəflər arasında bəzi məsələlər üzərində razılıq əldə edildi. Bunlardan da ən vacib olanı Ermənistan vasitəsilə Azərbaycan və Naxçıvan arasında dəmir yolu xəttinin çəkilməsi üçün razılığın əldə edilməsidir. Fikrimcə, bu məsələ "Zəngəzur dəhlizi”nin başlanğıcı hesab edilə bilər”.

Samir Hümbətov vurğuladı ki, Azərbaycan artıq regionda aktiv rol oynayan dövlətə çevrilib. Azərbaycan həm qonşu, həm region, həm də dünya dövlətləri ilə normal və qarşılıqlı etimada söykənən münasibətlər qurmaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Təbii ki, bu hadisə regionun gələcəyi baxımından vacib əhəmiyyətə malikdir. Bu mənada 2021-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi xarakterizə etmək olar”.
 
Turan Rzayev
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man