Məlum olduğu kimi, Cənubi Qafqazda daimi sülh və
sabitliyin yaradılmasına xidmət edən "3+3” formatındakı regional əməkdaşlıq
platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. İclasda Azərbaycan,
Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının müavinləri görüşəcək.
Sözügedən görüşün əhəmiyyəti barədə Sfera.az-a danışan
deputat Naqif Həmzəyev "3+3" platformasının reallaşması ilə Azərbaycanın
bütün istəklərinə çata biləcəyini deyib:
"Azərbaycan ilk gündən etibarən
"3+3" platformasını dəstəkləyir və əməkdaşlığa hazır olduğunu
bildirir. Bu platforma məlum olduğu kimi ilk başlarda bəzi qonşu ölkələr tərəfindən
dəstəklənmədi, etirazlar oldu. Lakin yekun olaraq Azərbaycanın postmünaqişə
formatında həyata keçirdiyi siyasət bu platformanın reallaşması əhəmiyyətini
artırır. Bu gün Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun birləşdiyi, tranzit mərkəzində
yerləşir. Lakin Zəngəzur dəhlizinin işə keçməsi ilə region dövlətlərinin də
daha çox fayda götürəcəyini deyə bilərik. Bu baxımdan platformanın ilk iclası çox
önəmlidir. Bu platformada ən çox xeyir görən tərəf isə Azərbaycan olacaq və yaxın
gələcəkdə bütün istəkləri reallaşdırmaq mümkündür. Düşünürük ki, yaxın illərdə
Gürcüstan da bu platformada olacaq".
Politoloq Qabil Hüseynli isə platformanın reallaşmayacağını
da istisna etməyib:
"Sözügedən formatın harada yerləşəcəyi, hansı
məsələlər üzrə işlərin aparılması və texniki məsələlər aydınlaşmalıdır. Ola bilər
ki, tərəflər bəzi təkliflərlə razılaşmasın və platformanın reallaşması alınmasın.
Format yenidir və gözləmək lazımdır ki, məsələ necə sonlanacaq. Rusiya sözügedən
platformanı bəyəndiyini elan etsə də, özünün moderatorluğu ilə prosesləri tənzimləmək
istəmir. Baxışlar müxtəlifdir və bəzən üzdə bir sözü deyirlər, arxada başqa cür
hərəkət edirlər. Ona görə deyə bilmirəm ki, təşkilatın təşəbbüsü ilə regionda sülh
yaranması mümkün olacaq ya yox..."
Əzizə Zeynal