Gələn il "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 170,1 milyon barel neft hasil ediləcək.
Sfera.az rəsmi məlumatlara əsasən bildirir ki, proqnoza uyğun olaraq hasil ediləcək neftin 92 milyon bareli, yəni 54,1 faizi Azərbaycan Dövlət Neft Fonduna divident şəklində ödəniləcək.
Yataqlar üzrə mənfəət nefti üzrə proqnozlaşdırılan hasilatın həcmində 2022-ci il üzrə (2021-ci il ilə müqayisədə) ciddi dəyişiklik nəzərdə tutulmur. AÇG yatağı üzrə hasilatın həcmi cari illə müqayisədə 0,87% və ya 1,5 milyon barel az proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan üçün mənfəət neftinin həcmindən çox, onun satış qiyməti önəmlidir. Çünki qiymət artdıqda Azərbaycana ayrılan mənfəət neftinin həcmi və satışdan daxilolma da artır.
Qiymət yüksəldikdə xərclərin ödənilməsi üçün satılan neftin həcmi azalır və qalan neft mənfəət şəklində bölüşdürülür. Buna görə də neftin qiyməti artdıqda həm mənfəət neftinin həcmi artır, həm də satışdan gəlirlər böyüyür. Əgər 2022-ci ildə neftin ortaillik qiyməti 50 dollar olarsa, mənfəət neftindən gəlirimiz 4,342 milyard dollar təşkil edəcək. Qiymət daha yüksək olarsa, mənfəət neftindən gəlirimiz daha da artacaq.
Vasif
Sfera.az