Xəbər verdiyimiz kimi, "Vergi Məcəlləsin”in
165-ci "Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər
edilib. Artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq
olunub. yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları
alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Maraqlıdır, bəs yeni dəyişikliklər
mənzil bazarına və kirayə evlərə təsir edəcək?
Mövzu ilə bağlı Sfera.az açıqlama verən
iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycan qanunverciliyində kirayə
evlərdən 14 faiz gəlir vergisi tutulur, lakin bu ƏDV deyil.
"Yəni əgər yeni dəyişiklik sırf ƏDV-yə şamil
edilirsə bunun mənzil bazarına və ya kirayə evlərə təsir etməyəcək. Ümumiyyətlə
ƏDV-nin qaytarılması ümumilikdə müsbət haldır. Lakin bizdə nağdlı ödənişlərdə də
10 faiz ƏDV geri qaytarılır. Hesab edirəm bu ləğv edilməli əvəzində nağdsız ödənişlərin
30 faizi geri qaytarılmalıdır. Bu zaman həm plastik kartlar ilə ödəniş edənlərin
sayı artacaq, həm də onlayın satış təşviq ediləcək.
O ki qaldı yeni dəyişikliyin mənzil bazarına və
ya kirayə evlərin qiymətinə təsir etməsinə deyə bilərəm ki, bütün hallarda mənzil
bazarında da dəyişikliklərə ehtiyac var. Hesab edirəm kirayə məzil verənlərdən
tutulan 14 faiz vergi kifayət qədər böyük rəqəmdir. Bunun geri qaytarılması ilə
bağlı bəznər təkliflər irəli sürülə bilər”.
N. Cəfərli qeyd edib ki, bizdə kirayə verən ilə
kirayəyə götürən arasında imzalanan müqavilədə real qiymət əks etdirilmir. İcarəyə
verən icarəyə götürənlə danışaraq müqavilədə daha aşağı məbləğ göstərilir ya da
ümumiyyətlə müqavilə bağlanmır. Bu da vergidən yayınma hallarına gətirib
çıxarır.
Bu halların qarşısını almaq üçün kirayədən
alınan verginin aşağı salınması lazımdır. Və ya qeyd olunan 14 faiz vergi heç
alınmaya da bilər. Bu hal baş versə mənzil kirayə bazarında insanlar rəsmi
müqavilə imzalamaqda daha maraqlı olar. Digər tərəfdən, bu həm də kirayə evlərin
qiymətinə də təsir edə bilər”.
Turan Rzayev