Bir neçə
gündür ki, Ermənistan Azərbaycanla sərhəd bölgələrində təxribatlara əl atır. Son
olaraq, ötən gün düşmən tərəfindən Tovuz istiqamətində atəşkəs pozulub.
Maraqlıdır,
Ermənistan tərəfinin son günlər davamlı təxribata əl atması nəyə hesablanıb?
Mövzu ətrafında
Sfera.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov təxribatların 10
noyabr bəyanatının imzalanmasının ildönümü fonunda baş verməsinin təsadüfi
olmadığını bildirib. Ş.Ramaldanov təxribatların müxtəlif istiqamətlərdə davam
edəcəyini deyib:
"Ermənistanın
daxilində və xaricində sülhün bərqərar olmasını istəməyən qüvvələr var. 10 noyabr
bəyanatının ildönümü ilə əlaqədar revanşist qüvvələr sülh müqaviləsinin
imzalanması məsələsini gözə alaraq, buna mane olmaq istəyirlər. Beləliklə, həm
sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazidə təxribatlar oldu, həm də Kəlbəcər,
Tovuz istiqamətində. Azərbaycan və Ermənistan arasında qonşuluq əlaqələri üçün
şərait yaranıb, münasibətlər sülhə yönəldikcə, revanşistlər bu cür təxribatlar
törədirlər. Bu məqamın arxasında Azərbaycanın Rusiya ilə də əlaqələrinə
soyuqluq gətirmək istəyənlər var.
Ermənistan
isə beynəlxalq aləmdə Azərbaycanı müharibədən sonra Ermənistan ərazisində
soxulan bir ölkə kimi tanıtmaq istəyindədir. Ermənistan indi əlini beynəlxalq
aləmə və Rusiyaya uzadaraq maliyyə yığmaqla məşğuldur. Bundan başqa, Ermənistan
həm də Azərbaycan ordusunu sınamaq niyyətindədir. Lakin prezident İlham Əliyev
dəmir yumruğun hər zaman hazır vəziyyətdə olduğunu bildirib və təxribatlara
cavab veririk. Səngərdə əsgər dayanıbsa,
düşməndən hər zaman güllə gözləmək olar. Təxribatlar bütün sərhədboyu istiqamətlərdə
ola bilər, bu, gözləniləndir”.
Polkovnikin
sözlərinə görə, son təxribatlar sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:
"Gərginlik
müəyyən addımlarının atılmasını zəruri edəcək. Ermənistan cəmiyyəti də sual edəcək
ki, biz nə qədər itki verəcəyik? Düşünürəm ki, təxribatlar təkandır ki, Ermənistan
Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sülh müqaviləsi imzalasın. Paşinyan da
artıq bu mövqedədir. Digər tərəfdən sülməramlı qüvvələrin yerləşdirildiyi ərazilərdə
hələ də silahlı ermənilər var. Onların tərksilah edilməsi üçün indi Azərbaycan
daha qətiyyətli mövqe ortaya qoyacaq. Baş verən təxribatların fonunda Azərbaycan
bəyannaməyə imza atan tərəflər qarşısında bu təklifləri irəli sürəcək.
Revanşist qüvvələr növbəti təxribat zamanı hansı həmlə ilə qarşılacağını artıq
bilirlər və bundan nəticə çıxaracaqlar”.
Əzizə
Zeynal