İordaniyanın "Nayrouz” informasiya
agentliyinin saytında, həmçinin Küveytin "q8press”, İraqın "Əfkar Hürə” və
"Mustağila” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi
Turan Rzayevin Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan
Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məqalə
dərc edilib.
Sfera.az xəbər verir ki, məqalədə mükafatın Azərbaycanın
dövlət başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim
edildiyi diqqətə çatdırılıb. Müəlliflər qeyd ediblər ki, Prezident İlham
Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan
Prezidentinin şəxsiyyətinə, Türk dünyasındakı lider mövqeynə, beynəlxalq
miqyasda və türkdilli dövlətlər arasında olan böyük nüfuzuna verilən layiqli
qiymətdir.
Təsadüfi deyil ki, bu gün Prezident İlham
Əliyev Türk və islam dünyasında uzaqgörən, məqsədyönlü siyasət aparan
prinsipial dövlət xadimi kimi şöhrət qazanıb. Xüsusən, 44 günlük müharibə
zamanı dövlətimizin başçısının istər hərbi, istərsə də diplomatik uğurları və əldə
edilən tarixi Qələbə onun həm türk ölkələri, həm də dünya miqyasında nüfuzunu
daha da artırıb.
Yazıda vurğulanıb ki, Azərbaycanın 44 günlük
müharibədə əldə etdiyi qələbə Prezident İlham Əliyevin timsalında türk xalqının
tarixi oyanışının rəmzi olub. Xüsusən, türk dünyası üçün də əhəmiyyətli olacaq
Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər diqqətəlayiqdir.
Prezident İlham Əliyev hələ 2009-cu ilin
oktyabrında Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə Görüşündə deyirdi ki,
vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan
ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi
baxımdan parçaladı. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev
türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk
dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən
liderdir.