Bu gün
Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1705 manat
olub. Bu isə yeni tarixi minimum hesab olunur.
Maraqlıdır,
qonşu ölkədə milli valyutanın bu şəkildə ucuzlaşması Azərbaycanla ticari əlaqələrə
hansı şəkildə təsir edəcək? Süni qiymət artımı gözləniləndirmi?
Mövzu ilə
bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli türk lirəsinin
ucuzlaşmasının Azərbaycanda gərginlik yaratdığını bildirib:
"Lirənin
ucuzlaşması daxili səbəblərdən qaynaqlanır. Yəni daxildə həm Mərkəzi Bankın
faiz dərəcəsini aşağı salması, həm də il sonuna yaxın türk şirkətlərinin xarici
borclarının qaytarılması dövrü olması türk lirəsinə basqıları artırır və tarif
minimumlardadır. Bunun təbii olaraq, Azərbaycana təsirləri olacaq. Çünki Azərbaycanın
ən böyük ticarət tərəfdaşlarından biri Türkiyədir. Lirə davamlı şəkildə dəyərdən
düşərsə, Türkiyədən gələn məhsulların ucuzlaşması mümkündür. Bir müddət sonra isə
türk məhsullarının Azərbaycan bazarında nəzərə çarpacaq dərəcədə ucuzlaşmasına
şahid olacağıq. Bu, müsbət tendensiyadır. Mənfi
tendensiya isə ondan ibarət ola bilər ki, bu hal bizdə gərginlik yaradacaq. Vətəndaşlar
istər-istəməz düşünür ki, Türkiyədəki bu proses Azərbaycanda da təkrarlana bilər.”.
Ekspert
süni qiymət artımının yaranma ehtimalına da münasibət bildirib:
"Normal
rəqabətli bazar sistemində süni qiymət artımının olması mümkün deyil. Yəni
bazar oyunçuları çox olarsa, süni şəkildə qiyməti artırmaq imkanı olmur. Bu hal
bazar oyunçuları az olarsa reallaşa bilər. Yəni bazarda dominant olan bir neçə
oyunçu olur ki, onlar da öz aralarında danışaraq müəyyən qədər qiyməti artıra
bilirlər. Lakin Türkiyədən əsasən yüngül sənaye məhsulları gətirilir ki, bu sahədə
bizdə xeyli sahədə oyunçu var və inhisarçılıq yoxdur. Bu səbəbdən normal rəqabətli
mühit yaranacaqsa, qiymət artımı olmayacaq. Süni qiymət artımı bazar institutu
çalışan ölkədə mümkün deyil”.
Əzizə
Zeynal