DYP-dən sürücülərə müraciət: "Qazanclarını cərimələrə deyil, öz ailələrinə xərcləsinlər”

İctimai nəqliyyat 05 Noyabr 2021 | 14:27
OXUNUB: 3753

Sosial şəbəkələrdə tez-tez sürücülərlə yol polisi arasında yaşanan mübahisəli məqamlara rast gəlirik. Kimin haqlı, kimin haqsız olması isə, təbii ki, məsələyə və aparılan araşdırmaların yekun nəticəsinə görə dəyişir. Mübahisəli məsələlərdən biri də sürücülərin “Yol hərəkəti haqqında” qanunun tələblərini pozduqları zaman onlara yazılan cərimələrlə əlaqəli olur. 

Belə ki, mübahisə o zaman yaranır ki, sürücü ya qanunvericiliyin tələbinə uyğun olaraq tətbiq edilən cərimədən və ya cərimənin ödənilməsinin gecikdirdiyi üçün yaranmış əlavə məsuliyyətdən, beləliklə də artan cərimə məbləğindən şikayət etməyə başlayır. Mübahisələr isə bəzən qalmaqallı hadisələrlə yekunlaşır. 

Elə olur ki, sürücü tək və ya sərnişinlərlə birlikdə nəqliyyat vasitəsilə ilə hərəkətdə olan zaman zərurət yaranarsa, yol polisi əməkdaşları tərəfindən saxlanılır. DYP əməkdaşı sürücüyə tətbiq edilən cərimənin ödənilmədiyini bildirir və onu hərəkətdən uzaqlaşdırıb müvafiq qaydada avtomobilini cərimə meydançasına aparır.

Təbii olaraq ailə üzvləri maşında olan zaman və ya təcili getməli olduğu ünvana tələsən zaman belə bir problemlə rastlaşmaq heç kimə xoş olmaz. Məhz bu zaman polis əməkdaşlarının müvafiq təlimata uyğun tələbləri sürücü və polis əməkdaşı arasında mübahisənin yaranması ilə nəticələnir. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a açıqlamasında sürücülərin bənzər problemlərlə qarşılaşmaması üçün tətbiq edilən cərimələrin qanunla nəzərdə tutulan müddətdə geniş yayılan ödəniş köşklərində və ya elektron xidmətlərdən istifadə etməklə onlayn qaydada ödənilməsini tövsiyə edir:

“Cəmiyyət varsa, deməli inzibati xətalar da olacaq, cinayət də olacaq. Hüquq-mühafizə sistemlərində xidmət edən əməkdaşların da borcu insanları bu kimi inzibati və digər növ məsuliyyət yaradan hallardan çəkindirməkdir. Lakin inzibati tənbeh tədbirlərinə tuş gələn sürücülərin qanunvericiliyin tələblərinə əməl etməyərək, vəziyyəti bilərəkdən və ya bilmədən ötən müddət ərzində özləri üçün əlavə məsuliyyət yaratması bizi narahat edir. Belə ki, bu sahədə insanların onların istifadəsinə təqdim edilən mövcud elektron xidmətlərdən düzgün istifadə etməməsi sonrakı mərhələlərdə yollarda DYP əməkdaşları ilə sürücülər arasında xoşagəlməz mübahisələrə gətirib çıxara bilir. Hər bir inzibati xəta törətmiş şəxs barəsində qanunvericilikdə müəyyən olunmuş qaydada istər xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə elektron qaydada, yəni avtomatik üsulla real vaxt rejimində, həmçinin polis əməkdaşının birbaşa yolda tərtib etdikləri protokolları onların qərarlarını elektron sistemlərdən istifadə etməklə nəzarətdə saxlaya bilərlər. Bunun üçün sürücülər nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirləri çərçivəsində öz üzərinə düşən məsuliyyəti bilməli və zamanında yerinə yetirməlidirlər. Əks təqdirdə bu məqam gələcəkdə daha xoşagəlməz hallarla nəticələnə bilir.

Belə hallarla rastlaşmamaq üçün əvvəlcə sürücülərimiz yol hərəkəti qaydalarına məsuliyyətlə riayət etsinlər ki, cərimə olunmasınlar və qazanclarını cərimələrə deyil, öz ailələri üçün xərcləsinlər. Cərimələrdən şikayət etmək əvəzinə ondan nəticə çıxarıb, eyni növ xətaları etməməyi düşünmək daha doğru olar. Vətəndaşlarımız bilməlidir ki, yol hərəkəti qaydalarında inzibati xəta törətdikləri zaman tətbiq edilən cərimə protokolu qüvvəyə mindikdən sonra 10 gün ərzində baş verən inzibati xətaya uyğun olaraq ödəniş edərkən 10 % məbləğində güzəşt əldə edirlər. Məsələn, sürücü 50 manat dəyərindəki cəriməni 10 gün ərzində ödəsə, 45 manat ödəyə bilər. Dövlətimiz vətəndaşına məsuliyyətdən yayınmamaq üçün qanunla belə bir üstün imkan da yaradıb. 10 gündən sonra isə İnzibati Xətalar Məcəlləsinin (İXM)150-ci maddəsinə uyğun olaraq, tətbiq edilən cəriməni 1 ay ərzində heç bir artım olmadan güzəştsiz qaydada ödəyə bilər. Bir ay tamam olduqdan sonra isə cərimənin ödənilmədiyi hər ötən gün üçün 1 faiz dəbbə pulu hesablanır, 3-cü aydan sonra isə nəqliyyat vasitəsinin idarə olunması hüquqi olaraq məcburi qaydada məhdudlaşdırılır. Həmin şəxslər nəqliyyat vasitəsini idarə edərkən “iPatrul” sistemi və digər xüsusi texniki vasitəsilə müəyyən edilir ki, bu zaman da DYP əməkdaşları vəzifə borcunu yerinə yetirməli, qanunun tələblərinə uyğun olaraq tədbir görməlidirlər. Belə olan halda isə bəzi sürücülərlə polis əməkdaşları arasında xoşagəlməz dialoqların yarandığının şahidi oluruq. Onu da qeyd edim ki, inzibati məsuliyyətdən yayınma halları sürücülərin barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına qədər gətirib çıxara bilər.

Bu kimi hallarla qarşılaşmamaq üçün biz sürücülərimiz üçün “AsanPay” kabinetlərinin yaradılmasını tövsiyə edirik. Beləliklə də hər bir sürücü yaradılan şəxsi kabinetində idarə etdiyi nəqliyyat vasitəsilə ona tətbiq edilən bütün növ inzibati protokollar barədə məlumat əldə edə və  barəsində yazılan protokoldan şikayət edə bilər. Sürücülərimiz və sürücü olmayan digər vətəndaşlarımız “Mygov.az” portalı vasitəsilə nəinki cərimələrlə, eləcə də sürücülük vəsiqələri, texniki şəhadətnamələri üzrə məlumatlarını və ümumilikdə DİN-in vətəndaşlara göstərdiyi bütün xidmətlər üzrə məlumatları rahat şəkildə əldə edə bilərlər.  DİN proaktiv və reaktiv xidmətləri vətəndaşlara təqdim edən dövlət qurumlarının içərisində ilkin təcrübə nümayiş etdirib və bu prosesi daim nəzarətdə saxlayır. Yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar olaraq bütün növ təbliğat xarakterli müraciətlərimizdə hərəkət iştirakçılarını hər zaman qaydalara riayət etməyə çağırmışıq. Fürsətdən istifadə edib bir daha yol hərəkəti iştirakçılarına nəzərdə tutulan qaydalara əməl etməyi, həyat və sağlamlıqlarına biganə qalmamağı və məsuliyyət yaradan hallara yol verməməyi xahiş edirik”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man