Zaman-zaman ölkədə pensiya yaşına çatmış məmurlar müzakirə obyektinə çevrilir. Danılmaz faktdır ki, ölkədə həm maaş, həm də pensiya alan kifayət qədər nazir və icra başçısı var.
Bəs, onlar kimlərdir?
Sfera.az bununla bağlı kiçik araşdırma edib:
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov (76) - 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. Eyyubov 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov (68) - 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olub. O, 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.
Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov (66) – 1955-ci ildə, 1 iyul tarixində Bakıda anadan olub. O, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (67) - 7 yanvar 1954-cü ildə Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov (65) - 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov (67) - 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov (68) - 14 aprel 1953-cü ildə Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il Sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov (67) - 1954-cü il yanvarın 1-də Azərbaycan Respublikasının Qəbələ şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov (69) - 15 aprel 1952-ci ildə Vartaşen rayonunun Xaçmaz kəndində anadan olub. 26 aprel 2011-ci ildə Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov (67) - 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov (70) - 1951-ci ildə Şuşada anadan olub.
Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə (74) - 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov (65) - 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə (66) - İcra başçısı Vikipediyadan doğum tarixi haqqında məlumatı çıxarsa da, onun 1955-ci il təvəllüdlü olduğu bilinir. O, 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarxili sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Bu qayda siyasi vəzifə tutanlara aid deyil.
Türkan
Sfera.az