"Tarixə nəzər salsaq görərik ki, türklər
heç vaxt bir-birinin üstünlüyünü qəbul etməyib. Əksər hallarda məhz buna görə
qüdrətli türk imperiyaları parçalanıb, yaxud bir-birinin süqutunu sürətləndirən
müharibələr ediblər. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün
Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli aeroportunun açılış mərasimində
iştirak etməsi bunu deməyə əsas verir ki, bu, nəinki yeni tariximiz, bütövlükdə
türk tarixinə düşəsi bir hadisədir”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq
Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Azərbaycan
Prezidenti İlham Əliyevlə birgə Füzuli aeroportunun açılış mərasimində iştirak
etməsini dəyərləndirərkən deyib.
O, bildirib ki, Türkiyə və Azərbaycan dövlət
başçılarının son illərdə sərgilədiyi mövqe türk tarixində bir ilkdir:
"Son 10 ay ərzində Ərdoğanın Azərbaycana
3 səfəri olub və hər səfərlərdə Türkiyə-Azərbaycan əlaqələrinin daha da
inkişafı və möhkəmləndirilməsi istiqamətində konkret addımlar atıb. Atılan bu
addımlar hər şeydən əvvəl, bütün dünyaya verilən mesajdır. Yəni Türkiyə və Azərbaycanı
təkcə din, dil, ortaq dəyərlər deyil, həm də regionumuzun gələcəyi ilə bağlı
baxışlar, strategiyalar birləşdirir. Ümumiyyətlə türk tarixində iki türk liderinin
bu qədər səmimi olması, birlikdə hərəkət etməsi, ortaq maraqdan çıxış etməsi
nadir, bəlkə də analoqu olmayan bir hadisədir”.
Politoloqun sözlərinə görə, Türk dünyasının
quru qapısı Zəngəzur dəhlizi, hava qapısı isə Füzuli aeroportu olacaq:
"Füzuli aeroportu sıradan bir hava limanı olsa
idi, əminəm ki, Türkiyə prezidenti açılışda iştirak etməzdi. Bu aeroport təkcə
Qarabağ üçün deyil, bütün türk dünyası üçün vacibdir. Mərkəzi Asiya türkləri
Füzuli aeroportu vasitəsi ilə həm də Türkiyəyə səfər edə biləcək. Türkiyə və Azərbaycan
prezidentlərinin regionda yaratmaq istədiyi platforma də zənnimcə, elə budur”.
Turan Rzayev