Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə
Ərəbistanına işgüzar səfərə gedib.
Sfera.az xəbər verir ki, politoloq Asif Nərimanlı
xatırladıb ki, bu səfər İrəvan-Ər-Riyad xəttində ilk hadisədir:
"Ermənistanın Prezident aparatı bunu "misli görünməmiş
hadisə və İrəvan üçün beynəlxalq münasibətlərdə dönüş nöqtəsi” adlandırır. Eyni
zamanda ilk sayılan bu səfər Bakının maraqları fonunda da düşündürücüdür. Səudiyyə
Ərəbistanı Qarabağ münaqişəsinə görə indiyə qədər Ermənistanla heç bir
diplomatik əlaqə qurmayıb. İndi bu istiqamətdə ilk rəsmi addımın atılmasının təsadüfi
deyil. Qarabağ münaqişəsi artıq həll olunub və Ər-Riyad İrəvanla münasibətlərdə
maneənin qalmadığını düşünür: İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanının
indiyə qədər Qarabağ məsələsində özünü İslam dövləti kimi aparması da
unudulmamalıdır”.
Politoloq səfərin kökündə dayanan digər səbəbdən də
danışıb:
"İkinci səbəb isə, Türkiyə faktorudur. Əslində
Ər-Riyadın Armen Sarkisyanı qəbul etməsinin arxasındakı siyasi amil Türkiyənin
Qafqaza gəlişi və son proseslərdir. Ərəb dünyasında Azərbaycanla bağlı əvvəlki
mövqeyin dəyişməsi də ötən ilin Tovuz döyüşlərində və sonrasında Ankaranın
Bakıya dəstəyindən sonra açıq şəkildə hiss olunmağa başladı. Səudiyyə
Ərəbistanı İrəvana qapı açmaqla Bakıya qarşı balans yaratmağa çalışır.
Münaqişənin başa çatması və regionda Bakı-İrəvan
münasibətlərində normallaşma gözləntiləri fonunda Ər-Riyad-İrəvan xəttindəki
açılım o qədər də təhlükəli görünməyə bilər. Lakin yenə də rəsmi Bakı bu prosesi həm ərəb dünyasını, həm də "ərəb kapitalı”nı
itirməmək baxımından nəzarətdən kənarda saxlamamalıdır”.
Əzizə Zeynal