Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiyanın Azərbaycanda səfərdə olan Xarici və Avropa İşləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sfera.az xəbər verir ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanın Xorvatiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
Qeyd edilib ki, ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəyə qalxmasında dövlət başçılarımızın qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Bu görüşlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin möhkəm təməllər üzərində inkişafına yaxşı zəmin yaradıb.
Spiker Sahibə Qafarova bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini söyləyən Milli Məclisin sədri əlavə edib ki, bölgədə həyata keçirilən nəqliyyat layihələri ölkəmizin bu infrastrukturundan və tranzit imkanlarından istifadə üçün yeni imkanlar açır. Söhbətdə spiker dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayıb. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb.
Söhbətdə Vətən müharibəsində Azərbaycanın Zəfərindən söz açan Sahibə Qafarova rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında olan torpaqlarını azad etdiyini və ərazi bütövlüyünün öz gücü ilə bərpasına nail olduğunu söyləyib. Bununla ölkəmiz Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirib. Spiker deyib ki, 30 il erməni işğalı altında olan torpaqlarımızda bütün şəhər və qəsəbələr dağıdılmış, viran qoyulmuşdur. Bu gün bu ərazilərdə bərpa və quruculuq işləri aparılır. Ermənistan isə təxribatlardan əl çəkmir, sərhədlərin delimitasiya prosesinə mane olmağa çalışır, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir.
Səmimi görüşə görə minnətdarlığını bildirən Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya ölkəmizlə əlaqələrin dərinləşməsinə böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz getdikcə genişlənir. Parlamentlər səviyyəsində əməkdaşlığımızın daha da dərinləşməsi, deputatlarımızın mütəmadi qarşılıqlı səfərləri və görüşləri ümumi məqsədlərə xidmət edir. Xorvatiya Azərbaycanın əldə etdiyi uğurlara sevinir. Bu gün iki ölkə arasında təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, turizm, yüksək texnologiyalar sahələrində də əməkdaşlıq üçün geniş imkanlar var.
Söhbətdə Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Könül Nurullayeva, Milli Məclisin komitə sədri Tahir Mirkişili çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq barədə öz fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və digər rəsmi şəxslər iştirak ediblər.