Gürcüstanda Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkatı oktyabrın 14-də Tiblisidə Azadlıq meydanında etiraz aksiyası keçirəcək. Hərəkatın sədri Nika Meliya digər müxalifət partiyalarını etiraza dəvət edib.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, Gürcüstanda keçirilən seçkilərdə Tbilisi daxil olmaqla, digər böyük şəhərlərdə hakim "Gürcü Arzusu" partiyası qələbə əldə edə bilmədi:
"Bu onu göstərir ki, iri şəhərlərdə regionlardan fərqli olaraq, kütləvi şəkildə saxtalaşdırmağa gedilməyib. İkinci tur seçkilərdə Vahid Milli Hərəkatın böyük şəhərlərdə qalib gəlmək şansı var. Lakin bir neçə gündən sonra keçiriləcək etiraz mitinqinə kütləvi şəkildə etirazçıların gəlməsi gözlənilmir”.
Müsahibimiz bildirib ki, mitinqin uğurlu olması və müxalifətin qalib gəlməsi üçün meydana yüz mindən artıq insan toplanmalıdır:
"Kütləvi şəkildə bu qədər insanın toplanması isə gözlənilmir. Buna baxmayaraq, ölkədə müxalifətin aktiv şəkildə fəaliyyəti hakimiyyətə problem yaradacaq. Seçkilər bitdikdən sonra Saakaşvili azadlığa buraxıla bilər. Eyni zamanda müxalif Vahid Milli Hərəkat partiyasının Saakaşvilinin başçılığı ilə daha geniş şəkildə toparlanma ehtimalı var. Qərb Gürcüstanda hakimiyyətin seçki yolu ilə, yumşaq formada dəyişməsinə maraqlıdır. Ümumiyyətlə, hakim "Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilinin kölgəsində olan hakimiyyət qüruba gedir”.
Günay Rəsulqızı
Sfera.az