"Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə ortaq hərbi ittifaqda birləşə bilər”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, məhz Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisə səfəri və imzalanan sənədlər belə bir prosesin başlanmasını özündə ehtiva edir:
"Türkiyə, Azərbaycan və Gürcüstan Baki-Tiflis-Ceyhan neft kəmərinin təhlükəsizliyi istiqamətində ortaq təlimlər keçirib. Bu kimi təlimlər şərti xarakter daşıyıb. Hazırda ölkə ordularının inteqrasiyası və birgə əməkdaşlığını genişləndirməsi həyata keçirilir. Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq barədə sənədin imzalanması Bakı və Tiflis arasında hərbi əməkdaşlığı yeni müstəviyə keçirəcək. Hər iki ölkə Türkiyənin yardımı ilə öz müdafiə qabiliyyətlərini inkişaf etdirəcək”.
Müsahibimiz qeyd edib ki, regionda yeni hərbi platforma qurulur və bu platforma üçtərəfli şəkildə davam edəcək:
"Bir müddətdən sonra Türkiyənin ilk olaraq Gürcüstanda, daha sonra Azərbaycanda hərbi bazası yaradıla bilər. Türkiyənin Gürcüstanla hərbi əməkdaşlığının və bu ölkəyə yardımının Tiflisi separatçı bölgələrə qarşı hərbi əməliyyatlara həvəsləndirməsi mümkündür. Təbii ki, burada ilk növbədə Rusiyanın zəifləməsi şərt olaraq qalır. Türkiyənin hər iki ölkəyə dəstəyi NATO inteqrasiya prosesində atılan addımdır və Rusiyanın hər iki ölkəyə təzyiqlərini neytrallaşdıracaq. Gürcüstan artıq Türkiyə və Azərbaycan platformasında yer almaqla, iqtisadi və hərbi inteqrasiyaya öz töhfəsini verməklə yanaşı, müttəfiqliq əlaqələrinin inkişafinda mühüm rol oynayacaq”.
Politoloqun sözlərinə görə, Gürcüstanın İran maşınlarının ölkə ərazisinə keçidinə qadağa qoyması, İranın Avropa və Rusiya ilə əlaqələrinin kəsilməsinə gətirib çıxarıb:
"Artıq İran üçün Cənubi Qafqaz siyasəti bitib və Ermənistanla əməkdaşlığı müvəqqəti xarakter daşıyır. Çünki Azərbaycanla Ermənistan arasında mümkün münasibətlərin normallaşmasından sonra İran tam ofsaytda qalacaq. Gürcüstanın Türkiyə və Azərbaycanla birgə eyni paltformada təmsil olunması, Qərbdən rəsmi Tiflisə qarşı təzyiqlərdən də irəli gəlir. Bundan Ankara və Bakı məharətlə istifadə edir”.
Günay Rəsulqızı
Sfera.az