Azərbaycan əhalisinin ötən il istehlak etdiyi qidanın birgünlük kaloriliyi 2958 kkal olub. Gündəlik kalorinin 2460 kkal-ı bitki, 500 kkal-ı heyvan mənşəli qidaların payına düşüb.
Sfera.az bildirir ki, 2015-2020-ci illərdə istehlak edilən qidaların kaloriliyində ciddi dəyişiklik olmayıb. Amma əvvəlki beşilliklərdə gündəlik kalori miqdarında nəzərəçarpacaq artım baş verib. Bunun nəticəsidir ki, 2001-ci ildə 2200 kkal olan gündəlik kalorilik 2013-cü ildə 2870 kkal-a yüksəlib.
Normalda insanlar üçün gündəlik kalorilik 2250 kkal (Qadınlar üçün 2000, kişilər üçün 2500) tövsiyə edilir. Statistika göstərir ki, Azərbaycanda bu göstərici normadan xeyli yüksəkdir.
Bəs, Azərbaycan əhalisi il ərzində daha çox hansı məhsullarla qidalanır?
Ev təsərrüfatları ilə bağlı 2020-ci ildə aparılan tədqiqatın nəticəsi göstərir ki, əhali adambaşına il ərzində daha çox kartof, baş soğan, alma, yumurta, süd, qatıq, mal əti, buğda unu və buğda çörəyi istehlak edir.
Əhalinin ən çox istehlak etdiyi tərəvəz məhsulu kartofdur. Kartofun illik adambaşına istehlak miqdarı 73,4 kq olub. Kartof həm də ən çox istehlak olunan qida məhsuludur.
Kartofdan sonra ən çox istehlak edilən tərəvəzlər baş soğan (30 kq), təzə ağ kələm (15,4 kq), pomidor (12,7 kq), xiyar (12,7 kq) və kökdür (6,4 kq).
Meyvələrdən ən çox alma yeyilir. İldə adambaşına yeyilən almanın miqdarı orta hesabla 26 kq-dır. Banan 6,75 kq, armud 5,7 kq, üzüm 4,4 kq digər ən çox istehlak edilən meyvələrdir. Sitrus meyvələrinin illik istehlakı 10,9 kq, çəyirdəkli meyvələrdə 5,6 kq, qarpız və yemişdə 4,4 kq, qoz, fındıq, meyvə dənləri və toxumları 2,5 kq təşkil edib.
Ət və ət məhsullarından daha çox mal və dana əti yeyilir. Mal və dana ətinin adambaşına illik istehlak miqdarı 14,8 kq olub. Toyuq əti 9,1 kq, balıq 5,7 kq, qoyun əti 5 kq istehlak etmişik.
Əhalinin ən çox yediyi ərzaq məhsullarından biri də süd və süd məhsullarıdır. İnsanlar adambaşına 22,3 kq süd, 19 kq qatıq, 6,6 kq pendir, 4 kq şor yeyib.
Taxıl məhsullarından daha çox düyü (9 kq), taxıldan alınan məhsullardan isə buğda çörəyi (61,4 kq), un (58,3 kq) istehlak edilir.
Azərbaycan əhalisi bir ildə həmçinin 6,6 kq mal-qara yağı, 158 ədəd yumurta, 5,6 kq şokalad, 5,3 kq peçenye yeyib.
Vasif
Sfera.az