Son
günlər İranla Azərbaycan arasında yaşanan soyuqluq sosial şəbəkələrin Azərbaycan
seqmentində geniş müzakirələrə səbəb olub. Cənub qonşumuzun Qarabağdakı separatçı
rejimlə əlaqələri tənqid olunarkən İran xüsusi xidmət orqanlarına bağlılığı
ciddi şübhələr yaradan bəzi şəxslər açıq şəkildə qarşı tərəfdə yer alır.
Ölkədəki
söz və ifadə azadlığından sui-istifadə edən belə şəxslər saxta profillər vasitəsilə
ölkə rəhbərliyi, dövlət atributları haqda da uyğunsuz ifadələr işlətməkdən
çıkinmirlər.
Gələcəkdə
bu kimi haların yaşanmaması, bu kimi şəxslərin müəyyənləşdirilərək məsuliyyətə
cəlb olunması üçün hansı addımlar atılmalıdır.
Məsələ
ilə bağlı Sfera.az -a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ölkənin
daxili və ya xarici siyasəti ilə bağlı vətəndaş mövqeyi ola bilər, lakin vətəndaşın
mövqeyi onun mənsub olduğu ölkənin milli maraqlarını üstələməməlidir:
"İranla
Azərbaycan arasında yaşanan gərginliyə bəzi insanların ifrat dərəcədə reaksiya
verməsi təəssüfləndirici haldır. Sosial şəbəkə üzərindən İrana dəstək mesajları
verən bu şəxslərin bəziləri dövlət atributlarına, dövlətçiliyimizə təhqirlər
yağdırmaqdan çəkinmirlər. Belə şəxslərin bu kimi hallara yol verməsi qəbuledilməzdir.
Düşünürəm
ki, dövlətin müvafiq strukturları həmin şəxsləri nəzarət altında saxlayır. Dövlət
atributlarını təhqir edən, başqa ölkənin marağını öz ölkəsinin marağından üstün
tutan bir insan ilk növbədə vətəndaşlıq vəzifəsini yerinə yetirməmiş olur.
Ümumiyyətlə, bu kimi şəxslər təkcə onlara verilən söz azadlığından sui-istifadə
etmir, eyni zamanda ölkə daxilində narazılığa da səbəb olur. Bu isə təkcə ölkəmizin
milli maraqlarına zərbə vurmur, həmçinin daxildə sabitliyin də pozulmasa səbəb
ola bilər”.
Siyasi
şərhçi Teymur Qasımlı deyib ki, bu gün ölkəmizdə İrana rəğbət bəsləyən şəxslərin
olması normaldır və belə şəxslərə qarşı mübarizə aparmaqdansa, onlardan istifadə
etmək lazımdır:
"Belə
şəxslər hər cəmiyyətdə var. İnsanlar müəyyən səbəblərə görə fərqli ölkələrə rəğbət
bəsləyə bilər. Əgər bu şəxslərin həmin ölkələrə sevgisi problem təşkil etmirsə,
onlara qarşı hər hansı bir şey etməyin mənası yoxdur. Yəni
ölkəmizdə bu gün bir qrup insanın digər dövlətə simpatiyası varsa və bu,
qanunvericilik çərçivəsindədirsə, nə etmək olar? Lakin həmin şəxslər qanunları
pozursa, onlara qarşı qanunvericilik çərçivəsində qabaqlayıcı tədbirlər görmək
zəruridir. Ümumiyyətlə bu kimi şəxslər onsuz da dövlətin nəzarətindədir və sizi
əmin edirəm ki, dövlətimiz bu şəxslərə qarşı lazımi tədbirləri görür.
Lakin
mən düşünmürəm ki, bu gün İranın ölkəmizdə ciddi bir siyasi təsir imkanı var”.
Turan Rzayev