Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycanda küçələrinin kəsişməsində günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılmasına başlayıb. Bu piyada keçidi Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində yerləşir. Bəs BNA Bakının digər ərazilərində bu səpkili işlərinə davam etdirəcəkmi? Bu, Bakının hansı küçələrində həyata keçiriləcək?
Məsələ ilə bağlı “Report”un sorğusunu cavablandıran BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda Bakının küçə işıqlandırılması zəif olan yerlərində bu istiqamətdə araşdırmalar aparılır: "Günəş enerjisi ilə işləyən xüsusi səviyyəli piyada keçidinin işıqlandırılması əsasən şəhərətrafı yollarda həyata keçiriləcək. Yəni, əsasən ətraf kənd və qəsəbələr istiqamətində bunu tətbiq etmək istəyirik. Xüsusən də, günün qaranlıq saatlarında görmənin məhdudlaşdığı yollar var və həmin ərazilərdə bunu həyata keçirmək istəyirik. Bu proses davamlı olacaq . Bu istiqamətdə davamlı olaraq təhlillər aparılır və ona uyğun da tədbirlər görülür. Ümumiyyətlə, mərhələli şəkildə günəş enerjisi ilə işləyən bu tip xüsusi qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq ediləcək”.
BNA rəsmisi qeyd edib ki, günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılması ilə yollarda təhlükəsizlik səviyyəsi artırılıb: “Bundan başqa, sözügedən ərazidə piyadaların rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün yeni səki və panduslar da inşa olunub”.
Bildirək ki, günəş enerjisi ilə işləyən xüsusi qurğulardan istifadə olunmaqla eyni səviyyəli piyada keçidinin işıqlandırılması Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, bu cür sistemin tətbiqi yol hərəkət iştirakçılarının təhlükəsizliyi baxımından çox önəmli addımdır: “Xüsusən də, axşam saatlarında belə küçələrdə bu cür sistemin tətbiqi piyadaların təhlükəsizliyinə səbəb olacaq. Bu cür sistemin tətbiqi ilə sürücülərin uzaq məsafədən piyadaları görməsi ilə nəticələnəcək. Mümkün qəza riskini aradan qaldırır. Ona görə də arzu edərdim ki, bu kimi həllər digər ehtiyacı olan küçələrdə tezliklə tətbiq edilsin”.
R.Ağamirzəyev deyib ki, Bakı piyadayönümlü şəhərə çevrilməlidir: “2017-ci ildə BNA ideal səki layihəsini həyata keçirirdi. Bizə ideal küçə lazımdır. İdeal küçə nə ehtiva edirsə, səkinin bir başından digər başına qədər hərəkət hissəsi ilə piyadanın tranzit zonası ilə, bütün infrastrukturun əlverişli olması vacibdir. Bizdə standartlar da köhnədir, standartlara əlavələr edilməlidir. Sovet standartlarından uzaqlaşılmalıdır və müasir dövrün tələblərinə cavab verən standartlar tətbiq edilməlidir. Lakin sovet dövründə bizdə bu qədər avtomobil olmayıb. Avtomobillər artandan sonra digər problemlər də meydana çıxıb. Kompleks həll edilməlidir. Qaranlıq saatlarda piyadaların keçməsi üçün şəraitin yaradılması önəmli addımdır. Lakin iki zolaqdan çox olan bütün Bakı küçələrində təhlükəsizlik adacıqları qurulmalıdır”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man