Qarabağdakı son durum, bölgədə gərginləşən münasibətlər
sistemi və bundan çıxış yolları ilə bağlı Türkiyənin terror və təhlükəsizlik
üzrə eksperti Abdullah Ağar Sfera.az-a müsahibə verib.
Onun fikirlərini təqdim edirik.
- Laçında keçirilən hərbi təlimlər başda
Ermənistan olmaqla, bir çox dövlətləri narahat edib. Azərbaycan və Türkiyənin
indiki halda belə bir hərbi təlim keçirməsinin səbəbləri nədir?
- Azərbaycanın beynəlxalq hüquqla tanınan
torpaqlarında Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi heç kəsi narahat
etməməlidir. Ermənistanın bundan narahat olması isə xüsusilə yersiz və
mənasızdır. Bu gün Ermənistanın dövlət sərhədlərini Rusiya hərbiçiləri qoruyur
və rəsmi İrəvan faktiki olaraq, Rusiyanın daxili subyektlərindən biri halına
gəlib. Belə bir ölkənin Azərbaycana hər hansı məsələ ilə bağlı irad bildirmək
və ya etiraz etmək haqqı yoxdur.
Azərbaycanın öz torpaqlarında Türkiyə ilə
birgə hərbi təlimlər keçirməsində qeyri-adi heçnə yoxdur. İki ölkə arasında
imzalanan müvafiq hərbi razılaşmalara əsasən silahlı qüvvələrin birlikdə təlim
keçməsi mümkündür.
- Rusiya sülhməramlılarının komandanı R.Muradovun səlahiyyət müddəti
başa çatıb və onu bu vəzifədə general-mayor Mixail Kosobokov əvəz edir. Budan
dərhal sonra isə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın yeni komandan
və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının komandiri polkovnik Dmitri
Ovçarovla birlikdə görüşüb. Bu görüşü rəsmi Bakı və Ankaraya verilən mesaj kimi
dəyərləndirmək olarmı?
- Ermənistan Baş naziri Nikol Paşinyanın son
günlər səsləndirdiyi fikirlər olduqca müsbətdir. Parlament seçkiləri öncəsi
proseslərə baxdıqda biz onun mövcud gərginliyi düzəltmək üçün vaxt istədiyini
xatırlayırıq. İstənilən halda Paşinyanın sülhə nə qədər maraqlı olduğunu
qarşıdakı günlərdə göstərəcək.
Türkiyə və Azərbaycanın mövqeyinə gəldikdə
isə bu hər kəsə bəllidir. Hətta Ermənistan bir müddət öncə dövlət sərhədində
kifayət qədər ciddi gərginlik yaratdığı halda Azərbaycan və Türkiyə buna cavab
olaraq yenə də bu ölkəyə sülh və əməkdaşlıq əlini uzatdı.
Düşünürəm, bu gün regionda sülhün qorunması,
ölkələrarası əməkdaşlığın formalaşmasında Rusiya da maraqlıdır. Hətta
Ermənistanın son günlər sərgilədiyi sülhə meyilli davranışı da bundan irəli
gəlir. Bu mənada tərəflər arasında müəyyən görüşlərin keçirilməsi normaldır.
Digər tərəfdən, regionun həssaslığı Türkiyə ilə Rusiya arasındakı münasibətlərə
təsir edir. Xüsusilə, bu, iki ölkə arasında digər sahələrdəki əməkdaşlığa təsir
edir.
Türkiyə hazırda regionda 6-lıq platforma
yaranmasında maraqlıdır. Rusiya, Ermənistan, Gürcüstan, İranın bu əməkdaşlığa
nə qədər maraqlı olduğunu isə yenə zaman göstərəcək.
- Abdullah bəy, bu gün Azərbaycan
ictimaiyyətində belə bir düşüncə hakimdir ki, Rusiya-Türkiyə birgə monitorinq
mərkəzi fəaliyyətsizdir. Hər halda görünən odur ki, regiondakı Türkiyə
hərbçiləri Rusiya sülhməramlıları ilə müqayisədə daha passivdir...
- Tərəflər arasında imzalanan 10 noyabr
bəyanatı var. Bu bəyanata görə, Qarabağın Azərbaycan torpağı olduğunu Rusiya da
qəbul edib. Digər tərəfdən, cənab İlham Əliyevin bu gün Rusiya sülhməramlılarının
nəzarətində olan ərazilərlə bağlı ciddi gözləntiləri var. Müharibədən sonra bölgədəki
mövcud durumu nəzərə alan Azərbaycan Qarabağın ermənilər yaşayan ərazilərində
Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsini qəbul etdi. Ancaq Xocalı,
Xankəndi, Xocəvanəd bunlar Azərbaycan torpaqlarıdır.
Qeyd etdiyim ərazilərdə nəzarəti həyata
keçirmək üçün Rusiya-Türkiyə birgə monitorinq mərkəzi yaradılıb və bu gün də
fəaliyyətini davam etdirir. Mən Monitorinq Mərkəzinin fəaliyyətsizliyi fikri
ilə razı deyiləm. Monitorinq Mərkəzində müntəzəm olaraq Qarabağda baş verən
hadisələr izlənilir, qeyd edilir və müvafiq ölkə rəhbərliklərinə məlumat
verilir. Birgə Monitorinq Mərkəzindən konkret problem həll etməsini gözləmək
dorğu deyil. Mərkəz sadəcə olaraq, baş verən prosesləri izləyir, qeyd edir və
ölkələrin atacaqları addımları formalaşdırmaları üçün lazımi məlumatları aidiyyatı
üzrə ötürür”.
Turan Rzayev