Ölkəyə gətirilən bu maşınlar ölüm saçır - Təhlükənin qarşısı necə alınsın?
Nəqliyyat xəbərləri20 Avqust 2021 | 12:42
OXUNUB: 2953
Son zamanlar avtomobil qiymətlərindəki artım azərbaycanlı alıcıları xarici bazarlara yönlənməyə məcbur edib. Xüsusilə də, qəzalı vəziyyətdə olan maşınların qiymətinin daha ucuz olması, onlara yönələn tələbatı daha da artır. Vəziyyəti fürsət bilən bəzi işbazlar isə, bu “variant”dan məharətlə istifadə edərək insanları aldadırlar. Bir çox hallarda ağır qəza keçirmiş avtomobillər təmir edilərək, uzun yol qət etmişlərin isə yürüş məsafəsi geri çəkilərək alıcılara təqdim olunur.
Məsələ ilə bağlı avtomobil eksperti Elməddin Muradlı fikirlərini Bizim.Media ilə bölüşüb. Mütəxəssis ölkəyə gətirilən maşınların acınacaqlı vəziyyətindən gileylənib: “Xarici ölkələrdən gətirilən maşınlarla bağlı problemlər həqiqətən də çoxdur. Bu cür problemlər bəzi hallarda təhlükəli həddə gəlib çatır. Həmin avtomobillərdə insanların həyatını təhlükə altına atan amillər sırf kimlərinsə maddi marağından irəli gəlir. Daha çox pul qazanmaq məqsədilə öz həmvətənlərinə ziyan vururlar. Buna nümunə olaraq Gürcüstandan gətirilən avtomobilləri misal göstərə bilərik. Həmin avtomobillər daha çox bərbad vəziyyətdə olur və əksər hallarda qəzalı durumda olan maşınlar ölkəmizə gətirilir”.