"Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında
deyib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət
siqnallar alıb".
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan
Şahinoğlu deyib. Ekspert Paşinyanın "müsbət siqnallar" dedikdə hansı
məqamları nəzərdə tutmasından danışıb:
"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Ermənistanla
bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Türkiyə
prezidenti bu ilin dekabrında demişdi ki, "əgər Ermənistan "altılıq platforması”
təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər”. Ərdoğan daha
sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı "Ermənistan Azərbaycanla
problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq”
ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin
səfirlərinə müraciət edərkən bir daha toxunub: "Qarabağın işğaldan azad edilməsi
ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə
edərsə, o zaman lazım olan addımları atacağıq”.
Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana
kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır, cavab gözləyir".
Politoloq Nikol Paşinyanın gözləmə mövqeyində olduğunu
qeyd edib:
"Elə Bakı da Ermənistana göndərdiyi siqnallara
Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları
"qonşularla barış”, "regional əməkdaşlıq”, "kommunikasiya xətlərinin açılması”yla
əlaqəli olsa da, hələ heç bir addım atmayıb. Atılmalı olan ilk iki addım bəllidir.
Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya
xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaqlar.
Rəcəb Təyyub Ərdoğanın "Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım
olan addımları atacağıq” cümləsinin mənası da budur".
Əzizə Zeynal
Sfera.az