Xəbər verdiyimiz kimi qarşıdakı həftədə G7 ölkələri Əfqanıstanla bağlı təcili toplanacaq.
Tərəflər Taliban üzərində beynəlxalq təzyiqi artırmaq və Əfqanıstanda sabitlik yaratmaqla bağlı görüşəcəklərini bildiriblər.
Maraqlıdır, G7-nin Əfqanıstanla bağlı həqiqi istəyi nədir? Üzv ölkələr sabitliyi bərpa edə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədli G7 ölkələrinin Əfqanıstanı qurban verdiyini bildirib:
"G7 ölkələri Əfqanıstandakl bugünkü vəziyyətə görə ən günahkar ölkələrdir. Ümumiyyətlə, bir məqamı başa düşmək lazımdır ki, böyük ölkələr öz maraqları naminə coğrafi cəhətdən kiçik və zəif dövlətləri qurban verirlər. Bu baxımdan həmin dövlətlərdə hakimiyyətdə kimin olması çox önəmlidir. Əfqanıstan elə ölkədir ki, orada müxtəlif etnik qruplar, məzhəblər var. Bu kimi ölkələrdə idarəçilik hər zaman çətin müəssər olur. Ələlxüsus söhbət nəqliyyat və iqtisadi cəhətdən kifayət qədər ciddi resursları olan dövlətdən gedir. Bu gün Əfqanıstan zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, kimi qrupların varlandığı, əhalisinin digər hissəsi isə çox pis vəziyyətdə yaşadığı bir məmləkətdir. Əgər orada bu gün terrorçu qrup hakimiyyətə gəlibsə və milyonlarla insan ölkəni tərk etmək istəyirsə, bu artıq həmin ölkə daxilində yaşanan dəhşətin təzahürüdür. G7 ölkələri isə dünya qarşısında qalan çağırışların ən baiskar üzvləridir. Guya ki, onlar Əfqanıstan məsələsinin həll olunmasında COVID-19 virusunda olduğu kimi gücsüz oldular. Bütün bunlar təbii ki, sudan quru çıxmaq üçün atılan addımlardır".
Politoloq Əfqanıstanın mübarizə meydanına çevriləcəyini deyib:
"Reallıq odur ki, Əfqanıstanın gələcəyi heç də yaxşı görünmür. Düzdür, taliblər 1999-cu ildəki taliblər olmasa da, ümumilikdə demokratiyadan uzaq, qadınlara qarşı zorakı və etnik qruplar arasında bərabərliyi gözləməyən hökumət yaradacaqlar. Əfqanıstan bundan sonra da geosiyasi güclər arasında mübarizə meydanını xatırladacaq".
Əzizə Zeynal
Sfera.az