Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan
sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, həmsədrlər Ermənistan-Azərbaycan
sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə
bağlı məlumatları narahatlıqla izləyir. Onlar Ermənistanı və Azərbaycanı vəziyyətin
dərhal de-eskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və
10 noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində
götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıblar.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq
Məhəmməd
Əsədullazadə qeyd edib ki, son bəyanat konkret olaraq böhranı dərinləşdirməkdən
ibarətdir:
"Minsk qrupunun məşğul olduğu münaqişə başa çatıb və
bununla mandatı bitmiş hesab edilir. Azərbaycan tərəfi hüquqi-siyasi olaraq, Minsk
qrupundan rəsmən imtina etməlidir. Həmsədrlərin dövlət sərhəddində baş verən
insdentlərlə bağlı bəyanatı və onların vasitəçiliyi altında danışıqlar
aparılmasına çağırması hüquqi və siyasi baxımdan yanlışdır. Çünki onlara belə
bir mandat verilməyib.
Minsk qrupunun Qarabağda ermənilərin statusu ilə bağlı
məsələni qabartması və bu aspketdə danışıqların aparılmasına gəldikdə isə, bu
münaqişənin bitməməsi və yeni böhrana gətirib çıxara bilər. Ermənistan və Minsk
qrupu həmsədrləri yekun sülh sazişi istiqamətində status məsələsində həmrəylik
nümayiş etdirir. Bu istiqamətdə məsələnin BMT Təhlükəsizlik şurasına
çıxarılması gözlənilir”.
Siyasi şərhçi Asif Nərimanlı isə burada iki əhəmiyyətli
məqamın olduğunu qeyd edib:
"Birincisi, sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin
arxa plana keçməsi, "fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun
da gündəminin dəyişməsidir. İkincisi, Minsk qrupunun Qarabağdakı reallığı qəbul
etməyə məcbur olmasıdır. Rəsmi Bakı Minsk qrupuna artıq ehtiyac olmadığını, fəaliyyət
göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına
töhfə verə biləcəyini bəyan edib.
Diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk
qrupundakı həmsədrini dəyişməsidir. İqor Popovu İqor Kovayev əvəzlədi. Bu əvəzləmə
Rusiyanın Minsk qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər.
Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu
postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin
bitdiyi və Minsk qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin
düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni
rusiyalı həmsədrin fəaliyyəti də Minsk qrupunu bu istiqamətdə yönləndirmək ola
bilər”.
Günay Rəsulqızı
Sfera.az