Azərbaycanda özəl sektorda olan əmək haqqı səviyyəsi
dövlət sektoru ilə müqayisədə xeyli yüksəkdir.
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, dövlət
sektorunda orta əmək haqqı 635,5 manat olduğu halda qeyri-dövlət sektorunda 832
manatdır. Müqayisə göstərir ki, qeyri-dövlət sektorunda maaş səviyyəsi dövlət
qurumlarında olan maaş səviyyəsindən 31 faiz yüksəkdir.
Özəl sektorda maaşların yüksəl olması faktı əksər fəaliyyət
sahələrdə müşahidə edilir. Yalnız emal sənayesində, turistlərin yerləşdirilməsi
və ictimai iaşədə, sosial müdafiə və sosial təminatda, səhiyyə və sosial xidmətlərdə
maaş səviyyəsi dövlət sektorunda daha yüksəkdir.
Qeyri-dövlət sektorunda maaşların yüksək olmasını İqtisadi
Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev
özəl sektorda rəqabətin güclü olması ilə əlaqələndirdi.
Sfera.az saytına
danışan ekspert bildirdi ki, özəl
sektorda əmək haqqı formalaşdırılan zaman ona həm də stimullaşdırıcı vasitə
kimi baxılır: "Özəl sektorda işçi uğrunda rəqabət güclüdür, sahibkar daha yaxşı
işçini cəlb etməyə çalışır. Bu məqəsədlə yaxşı mütəxəsislər yüksək maaş təklif
edilməklə işə cəlb olunur. Qeyri-dövlət sektorunda hətta bir işçinin maaşının
ayrıca artırılması təcrübəsi də var. Özəl sektorda yürüdülən bu cür maaş siyasəti
əmək haqlarının daha tez-tez artmasına gətirib çıxarır”.
Dövlət sektorunda isə standart yanaşmanın olduğunu
söyləyən R.Atakişiyev burada işçinin bacarıqlarına xüsusi önəm verilmədiyini
vurğuladı: "Dövlət qurumlarında əmək haqqı işçinin bacarıqlarından asılı
olmayaraq öncədən təsdiq edilən ştat cədvəli əsasında müəyyənləşdirilir. Buna
görə də dövlət qurumlarında əmək haqqı siyasəti elastik olmur və hər hansı şəxslə
bağlı fərqli maaş artımı tətbiq edilmir”.
Həmsöhbətimiz özəl və dövlət sektoru arasında maaş
fərqinin kəskin olması təcrübəsinin bütün dünyada yayıldığını söylədi. O qeyd edib
ki, bununla əlaqədar Azərbaycanda da özəl sektorda çalışmaq istəyənlərin sayı
artır: "Yaxşı qazanmaq istəyən işçilər hökmən özəl sektorda çalışmağa üstünlük
verir. Bu, dünyada geniş yayılan praktikadır. Dövlət sektrunda çalışanların seçimində isə əsas
rolu maaşın məbləği yox, karyera qurmaq və dövlət xidmətində olmaq prinsipi
dayanır. Bununla belə inkişaf etmiş Qərb ölkələrində dövlət sektorunda çalışan
və yaxşı təcrübə qazanan bir çox mütəxəsis sonradan özəl sektorda işləməyə
üstünlük verir. Onları belə bir qərar qəbul etməyə əmək haqqı fərqi vadar edir.
İnkişaf etmiş ölkələrdə özəl sektorda elə vəzifələr var ki, maaş səviyyəsi dövlət
təşkilatlarındakı eyni vəzifəyə 10-20 dəfə yüksəkdir.
Azərbaycanda əvvəlki illərlə müqayisədə hazırda özəl
sektorda işləmək istəyənlərin sayı daha çoxdur. Əvvəllər özəl sektorda şəffaflıq
səviyyəsi aşağı idi, rəsmi əmək haqqı ödəyən iş yerləri az idi. Dövlət
qurumlarında isə maaş rəsmi idi, rüşvət və korrupsiya yolu ilə əlavə qazanc əldə
etmək olurdu. Eyni zamanda belə bir düşüncə hakim kəsilmişdi ki, özəl sektorda
işləyənlər pensiya ala bilmir, onların iş saatı yoxdur və s. Buna görə də çox
insan dövlət qurumlarında işləməyə üstünlük verirdi.
Ancaq son illərdə özəl sektorda əmək münasibətlərində
ciddi dəyişiklik var və bu hal özəl sektorda işləmək istəyənlərin sayını xeyli
artırıb. Bizim keçirdiyimiz treninqlər də göstərir ki, gənclər arasında özəl
sektorda çalışmaq istəyənlər daha çoxdur. Gənclərin özəl sektorda əmək münasibətləri
ilə bağlı təsəvvürü müsbətə doğru dəyişib və özəl sektora axın dövlət sektoru
ilə müqayisədə güclüdür”.
Vasif