Ermənistanda Təhlükəsizlik Şurasının keçmiş katibi
Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin olunub. Hakim "Vətəndaş Müqaviləsi" partiyasında məhz
Qriqoryanın xarici işlər naziri olacağını istisna etməyiblər.
Maraqlıdır, Armen Qriqryanın nazir postuna gətirilməsinin
bizim üçün hansı nəticələri olacaq? Yeni nazir Qərbə meyilli
olacaq, ya rusiya ilə münasibətlər bərpa ola bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı
Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli Armen Qriqoryanın seçilməsinin Azərbaycan
üçün müsbət hal olduğunu deyib:
"Armen Qriqoryanın xarici işlər nazirinin
birinci müavini təyin olunması onunla bağlıdır ki, hələ də Konstitusiya məhkəməsində
seçkilərin nəticələri ilə bağlı mübahisə gedir. Bir qədər vaxtdan sonra artıq
Armen Qriqoryan xarici işlər naziri kimi rəsmən təsdiq ediləcək. O, Rusiyaya
qarşı, Qərbə meyilli biri kimi Nikol Paşinyanın komandasında yer alıb, tanınır.
Ermənistanın xarici işlər naziri Armen Qriqoryan olduqdan sonra bu, Ermənistan
tarixində ilk olacaq, yəni Rusiyaya antipatiyası olan ilk şəxs olacaq ki, nazir
postuna keçəcək.
Armen Qriqoryan Qarabağ məsələsi ilə bağlı bizimlə
münasibətdə olan iki şəxsdən biri olacaq. Bu və ya digər mənada xarici işlər
nazirinin Rusiyanın diqtəsi altında olmaması bizim üçün müsbət haldır. Düzdür,
Ermənistan Rusiyanın əsarətindən çıxa bilməz, lakin nazirlərin Rusiyanın diqtəsində
olmaması onların ikitərəfli münasibətlərinə təsir edə bilər. Yaxşı olardı ki,
Armen Qriqoryan üçtərəfli bəyanatların müddəlarına əməl etsin. Bunun müsbət
dividentlərini özləri də zamanla görəcək".
Əzizə Zeynal
Sfera.az