“Sonradan anlayıb ki, bayaqdan uşaq kimi buyurduğu Daxili Işlər naziri Arif Heydərov imiş” - FOTO

İctimai nəqliyyat 02 İyul 2021 | 13:22
OXUNUB: 1531

2 İyul – Azərbaycan Polisi günü ərəfəsində Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi,  istefada olan polis polkovniki Mehman Mehmanov Moderator.az əməkdaşı ilə söhbətində artıq bir əsrdən çox uzanan tarixi bir yol keçmiş Azərbaycan daxili işər orqanlarının keçmişinə qısa bir xronoloji səyahət edib, bugünkü Azərbaycan polisi haqqında tənqidi fikirlərə münasibət bildirib...

- Mehman müəllim, öncə sizi qarşıdan gələn Polis günü münasibətilə təbrik edirik. Siz 30 ildən çox bir müddətdə daxili orqanlarda çalışmısız. Bu xidmətinizin təxminən 10 ili sovet dövrünə, 20 ildən çoxu isə müstəqilliyimizin bərpasından sonraya aiddir.  Azərbaycan milisi və polisi haqqında yaddaşınızda qalan təəssüratlar, xatirələr oxucularımız üçün çox maraqlı olar...

- Öncə onu deyim ki, həyatımın 30 ildən çoxunu Azərbaycanın daxili işlər orqanlarında xidmətə həsr etməyimlə qürur duyuram. Və həmin onillikləri bir Azərbaycan  polisi kimi yaşadığıma görə peşiman da deyiləm. Çünki daim bacardıqca xalqımın, vətənimin mənafelərini qorumağa çalışmışam... 

Təbii ki,  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş Azərbaycan daxili işlər orqanları bu günədək çox mürəkkəb, ziddiyyətli və keşməkeşli bir yol keçib. 2 ilə yaxın müddətdə yenicə formalaşmağa başlayan polisimiz 1920-ci ilin bolşevik işğalı nəticəsində 70 ildən çox bir zaman kəsiyində “milis” adlanan daxili işlər orqanlarına çevrilib. Azərbaycan milisi ideoloji-siyasi  məngənədə sıxılsa da, daha çox Kremlin göstərişi ilə fəaliyyət göstərsə də, Azərbaycan xalqının asayişi, əmin-amanlığı üçün də xeyli işlər görüb. Odur ki, sovet dövründə də həm aşağı, həm yuxarı səviyyələrdə peşəkar, vicdanlı, xalqını, vətənini sevən milis kadrları da yetişib. O illərdə əsasən iqtisadi sahədə böyük və mütəşəkkil cinayətkar qrupların ifşası və zərərsizləşdirilməsi istiqamətində xeyli işlər görülüb...

...Mən 1981-ci ildə daxili işlər orqanlarında işə başlayanda Azərbaycan SSR Daxili İşlər Naziri rəhmətlik Cəfər Vəliyev idi. O, öz işini bilən, savadlı,  bacarıqlı, nüfuzlu və ciddi bir rəhbər idi. Təsəvvür edin ki,  Cəfər müəllim  SSRİ-nin o vaxtkı lideri Leonid Brejnevin kürəkəni olan SSRİ DİN-in birinci müavini Çurbanova Azərbaycanla bağlı bəzi göstərişlərinə görə çox cəsarətlə etiraz edir, sözünü deyirdi. Lakin Cəfər Vəliyevin əsas çatışmayan cəhəti o idi ki, özü rusdilli olduğindan kadr və idarəetmə işlərində də rusdilli şəhərlilərə, qeyri-millətlərə üstünlük verirdi. Odur ki, o dövrdə DİN-də rayonlardan gələn savadlı, peşəkar kadrlar sanki diskriminasiyaya məruz qalırdı... 

Orqanlarda işlədiyim ilk illərdən sovet dövrü Azərbaycanının ən mükəmməl və vicdanlı Daxili İşlər naziri, ümumiyyətlə, unikal şəxsiyyətlərindən biri  kimi 1970-1978-ci illərdə bu vəzifədə çalışmış Arif Heydərovun sorağını eşitmişəm. Rəhmətlik Azərbaycan türk xalqına məxsus dəyərləri özündə ehtiva edən böyük bir şəxsiyyət kimi tanınıb. Arif Heydərovun eyni zamanda böyük elmi dünyagörüşü də olub, o, təhlükəsizlik xidmətində, diplomatiya sahəsində də çalışıb və bir neçə dil bilib. Onun mükəmməl idarəetmə prinsipləri, kollektivə, kadrlara etik normalar çərçivəsində yanaşması sayəsində nazir olduğu illərdə milis əməkdaşları özünü azad bir şəxsiyyət kimi hiss ediblər. Arif Heydərov bacarıqlı və nüfuzlu bir rəhbər işçi olmaqla yanaşı, dövlətinə, xalqına sədaqətli və  həm də sadə bir insan olub... 

...Yadımdadır ki, 1980-ci illərin ortalarında DİN-in təsərrüfat idarəsində dülgər işləyən bir erməni usta sabiq daxili İşlər naziri Arif Heydərov haqqında mənə maraqlı bir söhbət etmişdi... Ustanı göndəriblər nazirin bağında müəyyən təmir işləri görməyə. O da həmin vaxta qədər Arif Heydərovu yaxından görməyibmiş... Səhər tezdən saat 5-də görüb ki, bağda kimsə idman formasında gəzir, elə bilib ki, bağban-filandı. Və onu yanına çağırıb ki, a kişi, gəl mənə kömək elə, bir azdan nazir gələcək, işi qurtarmalıyam. Rəhmətlik Arif müəllim də dinməz-söyləməz gəlib erməni ustanın yanına. O da başlayıb naziri buyurmağa; “nərdivanı saxla, çəkici ver, kəlbətini ver...” Bir azdan sonra digər bir neçə milis əməkdaşı Arif Heydərova yaxınlaşıb rəsmi milis salamı verəndə usta anlayıb ki, bayaqdan uşaq kimi buyurduğu adam daxili İşlər nazirinin özü imiş... Deyirdi ki, bunu başa düşən kimi, özümü nərdivandan aşağı atıb bağın darvazasına doğru qaçmağa başladım. Arif Heydərov isə ustanın ardınca yüyürərək çağırıb ki, ay kişi, geri dön, hələ məni sənin kimi işlədən olmamışdı... Nazir o ustanı geri qaytarıb səmimi söhbət edib və işini tamamladıqdan sonra çay-çörək də verdirərək mərifətlə yola salıb. Bu səbəbdən həmin erməni usta həmişə Arif Heydərovdan söz düşəndə göz yaşı içində deyirdi ki, ara, kaş, Azərbaycanın o nazirinə dəyən güllə mənim ürəyimə dəyəydi... 

1978-ci ildə kabinetində bir milis əməkdaşı tərəfindən müəmmalı şəkildə qətlə yetirilən general-leytenant Arif Heydərovu mərhum Ulu Öndər Heydər Əliyev də daim xoş xatirələrlə anardı...

Cəfər Vəliyevdən sonra 1987-1990-cı illərdə nazir olmuş Aydın Məmmədovun dövründə də yenə də Moskvanın ideoloji-siyasi təzyiqlərinə, rusdillilərin meydan sulamasına rəğmən Azərbaycan üçün peşəkar milis kadrları yetişməyə başlamışdı. Aydın müəllim savadlı, bacarıqlı işçiləri heç bir təmənnasız  irəli çəkməyə çalışırdı. Məsələn, o vaxt Gəncə Milis İdarəsinin rəisi olan rəhmətlik Zahid Dünyamalıyevi özünün də xəbəri olmadan gözlənilmədən nazirin 1-ci müavini təyin etdi. Və Zahid müəllim də Azərbaycan milisinə və gələcəkdə polisinə böyük nüfuz qazandıran şəxsiyyətlərdən oldu...

- 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində müstəqilliyimizin bərpası ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının getdiyi dövr də  Azərbaycan milisi-polisi üçün sanki bir sınaq dövrü oldu.  O illərdən hansı ibrətamiz olaylar yadınızda qalıb?

- Bəli,  bəhs etdiyiniz dövr doğrudan da bütövlükdə xalqımız kimi, Azərbaycan daxili işlər orqanları üçün də məsuliyyətli  bir dövr idi... 1980-ci illərin sonunda Azərbaycan Xalq Cəbhəsini və şəxsən mərhum Əbülfəz Elçibəyi xoşbəxt gələcəyimizin yeganə təminatçısı hesab edirdik. O vaxt mən DİN-in orqanı olan “Mübariz keşikdə” qəzetinin müxbiri kimi çalışırdım. Moskvanın xalqımıza qarşı planlaşdırdığı hər hansı bir tədbirdən xəbər tutan kimi  həmin məlumatı dərhal qəzetimizin əməkdaşı Mahir Nəbili( o, zabit deyildi) vasitəsilə AXC-yə çatdırırdım. Mahir Sabir bağında şəxsən Əbülfəz bəyin özü ilə görüşüb  müstəqilliyimiz üçün vacib məlumatları  birbaşa Cəbhə liderinə ötürürdü...

...Hazırda Milli Dirçəliş günü kimi qeyd edilən 1988-ci il noyabrın 17-dən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü naminə başlanan mitinq günlərini şəxsi və ictimai həyatımda daim xoş bir xatirə kimi yadda saxlayıram. O günlər Şuşanın Topxana meşəsində bir neçə ağacın kəsilməsi xəbəri ilə meydana çıxan yüz minlər Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasını təşkil edən, yüzlərlə Azərbaycan uşaq, qadın və qocasını amansızlıqla qətlə yetirən erməni daşnak və terrorçularını lənətləyirdi. O günlər hansı bölgədən olmasından, sosial vəziyyətindən, vəzifəsindən, rütbəsindən asılı olmayaraq Azərbaycanı sevən hər bir gerçək azərbaycanlı vətəndaşın qəlbi vətənpərvərlik hissləri ilə coşub-çağlayırdı. Hamı bir ailə kimi gecələr tonqalların başına yığışır, çıxışlar edər, vətənpərvər şeirlər, mahnılar səsləndirərdi. Həmin günlər mən Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” qəzetinin əməkdaşı, milis baş leytenantı kimi meydanda, xalq arasında olur və bütün deyilənlərin öz gözlərimlə şahidi olurdum. O cümlədən Azərbaycan milisini də xalqla bir olmasına da şahidlik edirdim. Milislər də oraya toplaşan Azərbaycan vətəndaşlarıyla eyni fikirdə, amalda idilər. Onların da böyük əksəriyyəti eyni əzmlə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda savaşa hazır idilər. Bunu cəmi bir il sonra Azərbaycanın sərhəd və Dağlıq Qarabağ, eləcə də ətraf bölgələrdə ilk müdafiə dəstələrinin milislərdən ibarət olması, sonradan polis adlanan bu hüquq-mühafizə qurumunun yüzlərlə əməkdaşının erməni yaraqlıları və ordusuyla savaşda şəhid olması, yaralanması da sübut etdi...

Meydan hərəkatı günləri kiçik epizodları çıxmaq şərti ilə Azərbaycan milisləri tələbə və fəhlələrin meydana axınını, eyni zamanda orada sutkalar boyu asayişini təmin edirdi...

Həmin günlər Bakıda olan ermənilər arasından meydana təxribatçılar da sızırdı. Onlar orada hər cür təxribat, partlayış-filan törədə bilərdilər. Dəfələrlə belə hallar olurdu ki, milislər sadə vətəndaşlarla bərabər təxribatçıları müəyyən edib qanuni tədbirlər görürdü... Bəzən vətəndaşlar özləri nalayiq davranan, asayişi pozan kəsləri yaxalayıb milislərə təhvil verirdi. Bir sözlə, deyərdim ki, o Meydan hərəkatı günləri – sovet dövlətinin hələ ayaqda olduğu bir zamanda Azərbaycan milisinin, DİN əməkdaşlarının xalqla həmrəyliyinin, dostluğunun, birliyinin ən bariz nümunəsi ortalıqda idi...

- Yəqin, 1990-cı ilin 20 Yanvar qətliamından sonra Azərbaycan SSR Daxili İşlər Nazirliyində Moskvadan gəlmiş rəhbərlərə qarşı etiraz olaylarının da şahidi olmusunuz? 

- Bəli, həmin hadisələri də yaxşı xatırlayıram... 20 Yanvar qətliamının ertəsi günü DİN binasının həyətində İstintaq İdarəsinin müstəntiqi, çox dəyərli insan Xumar xanım Əhmədova qara örpək bağlayaraq haray qoparmış,  cəsarətlə bu ümummilli faciəyə etirazını bildirmişdi. Bu harayı eşidib həyətə ilk düşənlərdən biri də əsil vətənpərvər türkçü Mahir Nəbili və bəndəniz olmuşdu...

Milli ehtirasların coşduğu həmin məqamda Bakıda olan SSRİ daxili işlər naziri Bakatin həyətə yüyürüb hövlnak DİN əməkdaşlarına əl uzadanda həqiqətən rəhmətlik İsgəndər Həmidov ona əl vermədi və düz gözünün içinə baxaraq “sənin  əlin mənim xalqımın qanına batıb, mən sənə əl vermərəm” – söyləmişdi...

Yeri gəlmişkən, rəhmətlik İsgəndər Həmidovla aramızda olan bir epizodu da nəql edim... 

Tale elə gətirdi ki, Əbülfəz Elçibəy Prezident seçiləndən və İsgəndər Həmidov daxili İşlər naziri təyin olunandan sonra  Mahir Nəbili və Xumar Əhmədova daxili  işlər orqanlarından xaric olundular. Məni isə öncə İslah İşləri İdarəsinə, sonra isə Sabunçu Polis İdarəsinə “atdılar”...

...1993-cü ilin yayında o vaxtkı Daxili İşlər naziri Vaqif Novruzov məni idarəyə dəvət edib idarə rəisinin müavini və “Mübariz keşikdə” qəzetinin baş redaktoru vəzifəsinə təyin etdi. Bir gün işdə telefon zənginə cavab verərkən sakit və hüznlü bir səs eşitdim. Xəttin o başındakı şəxs “İsgəndər Həmidovdur”-dedi, – Mənim haqqımda bütün digər qəzetlər nə yazırsa, yazsın, mənə təsir etmir. Amma bütün həyatımı bağladığım DİN orqanı olan qəzet adımı mənfi mənada çəkəndə bu, mənim üçün ölümdən betər olur... 

Cavabında “İsgəndər bəy, qərəzlə yazmırıq ki?”, –deyə soruşdum. O, “Xeyr, xeyr, düz yazırsız”,- cavabını verdi. 

“Mən qəti şəkildə söz verirəm, bundan sonra sizə toxunan bir ifadəyə  belə rast gəlməyəcəksiniz” - söylədim, –  Amma bəy,  bir deyin görək axı, bizim günahımız nə idi ki, hamımızı pərən-pərən saldınız...”

 Ani sükutdan sonra İsgəndər bəy bir ah çəkib dedi: “Bəy, mən bilməzdim ki, coğrafi yaxınlıq hər cür yaxınlıqdan daha üstün imiş. Vallah-billah, mən səni geri - öz işinə qaytaracaqdım, zaman  imkan vermədi...”

İsgəndər bəyin son sözləri isə bu oldu: “Mehman bəy, elə bildim, dəstəyi götürəndə məni ən ağır söyüşlərlə təhqir edəcək, hətta ana-bacı söyüşlərinə qərq edəcəksən. Amma kişi kimi danışdın mənimlə. Sağ ol, qardaş, nə qədər yüngülləşdim bununla...

 

Bu söhbətdən  sonra qəzetdəki yazılarda İsgəndər bəyin ünvanına bir kəlmə belə, işlətmədim. Br az keçmiş onu həbs etdilər. Ancaq  bircə məqamı İsgəndər Həmidova xatırlada bilmədim ki, bəy, biz hamımız bir xalqın övladlarıydıq və onun azadlığı, müstəqilliyi uğrunda hər birimiz əlimizdən gələni etməyə çalışırdıq...

 

Artıq 1990-1991-ci illərdə SSRİ-nin çöküşü prosesi, milli azadlıq hərəkatının başlandığı bir dövrdə Azərbaycan daxili orqanları üçün daha mürəkkəb və məsuliyyətli bir dövr başlandı. Milislər cinayətkarlıqla yanaşı, Qarabağda və sərhədyanı bölgələrdə erməni terrorçu və işğalçı qruplaşmalarıyla qəhrəman  mübarizəyə başladı. Daxili orqan əməkdaşları gecə-gündüz səngərlərdə əsgər kimi keçik çəkirdi. Milislərimiz, polislərimiz arasında yüzlərlə şəhid, yaralı və əlilimiz oldu. Mənim özüm də Ağdamın kəndlərində döyüş əməliyyatlarında iştirak etmişəm...

 

O dövrdə qısa müddətdə daxili İşlər naziri olmuş rəhmətlik Məhəmməd Əsədovun  xüsusi rolunu qeyd etmək vacibdir. Yuxarı Qarabağdakı erməni terrorçu qruplaşmalarına qarşı mütəşəkkil mübarizə məhz onun nazir olduğu dövrdə başlandı, yaraqlılara qan udduran Xüsusi Təyinatlı Polis Dəstəsi yaradıldı. Bir çox yaşayış məntəqələri məhz polislərin və XTPD-nin iştirakıyla terrorçulardan təmizləndi... 

 

Bayaq barəsində danışdığımız 1992-1993-cü illərdə nazir olmuş mərhum İsgəndər Həmidovun da müəyyən nöqsanlarıyla yanaşı, orqanlarda korrupsiya və cinayətkarlığa qarşı mübarizədə, eləcə də erməni işğalçı və terrorçularına qarşı hərbi əməliyyatlarda Azərbaycan polisinin nüfuzunun yüksəlməsində xeyli rolu oldu...Ondan sonra cəmi bir neçə ay ərzində DİN-ə rəhbərlik etmiş Abdulla Allahverdiyev də öz peşəkarlıq, prinsipiallıq və obyektivliyi ilə yadda qalan nazirlərdəndir... 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man