Son illərin ən yüksək bahalaşma dalğası gəlir

05 İyun 2021 | 11:57
OXUNUB: 2660
Azərbaycanda bu il ümumi qiymət artımının 2017-ci ildən sonra ən yüksək səviyyəyə çatacağı gözlənilir. 

Sfera.az xatırladır ki, 2017-ci ildə qiymətlərin artımı 12,9 faizə yüksəldikdən sonra növbəti ilərdə azalaraq 2-3 faiz intervalında qeydə alınıb. İnflyasiya 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz olmuşdu. 

2021-ci ilin ilk 4 ayının nəticələrinə əsasən, bahalaşma səviyyəsi 4 faizə çatıb. Apreldə qeydə alınan qiymət artımı isə əvvəlki ilin eyni ayına nisbətən 4,3 faiz olub. 

Dinamika göstərir ki, 2021-ci ilin ikinci yarısında bahalaşma sürəti bir qədər də güclənəcək. Bunu şərtləndirən bir sıra amillər var. 

Birinci əsas amil dünyada əmtəə qiymətlərinin yüksəlməsidir. 2021-ci ilin iyunun 4-nə olan məlumata əsasən, illik müqayisədə düyü istisna olmaqla bütün əmtəələr bahalaşıb. Bahalaşma sürəti əksər əmtəələrdə 20-30 faizi ötür. Bu dərəcədə yüksək bahalaşmada pandemiya ilə əlaqədar istehsalın azalması və son aylarda qlobal tələbin güclənməsi mühüm rol oynayıb. Eyni zamanda neftin dəyərinin son bir ildə 70 faiz yüksəlməsi də bütün əmtəələrin maya dəyərinin artmasına səbəb olub. 

Daha çox bahalaşma ərzaq mallarında müşahidə edilir. Ərzaq mallarındakı mövcud qiymət səviyyəsi son 10 ilin ən yüksək səviyyəsidir. 

Azərbaycan ərzaq və qeyri-ərzaq mallarının təxminən 38 faizini idxal edir. Bu, yüksək göstəricidir. Ölkəmizə idxalın həcmi böyük olduğundan xaricdə baş verən qiymət artımları idxal yolu ilə sürətlə Azərbaycana da daxil olur. 

Ölkəmizdə bahalaşmanın sürətlənməsini şərtləndirən digər mühüm amil daxili tələbin güclənməsidir. Bu il karantin tədbirlərinin yumşalması müşahidə edilir. Xarici turizm sektoru və toy biznesi istisna olmaqla bütün biznes sahələrində məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlərin azaldılması iqtisadi fəallığı artırdığından iqtisadiyyatın gəliri yüksəlir və nəticədə ticarət əməliyyatlarının, pullu xidmətlərin dövriyyəsi böyüyür. Daha çox pul xərclənməsi bahalaşmanı dəstəkləyir ki, bunu da gündəlik həyatda və statistik məlumatlarda görürük. 

Daxili tələb 2021-ci ilin ikinci yarısında bir qədər də güclənəcək. Bankların kredit qoyuluşunu artırması, dövlət büdcəsindən xərcləmələrin iyul ayından sonra artması, həmçinin karantinin bir qədər də yumşaldılması tələbin güclənməsində mühüm rol oynayacaq. 

Beləliklə, xarici və daxili amillərin təhlili göstərir ki, 2021-ci ildə bahalaşma səviyyəsi əvvəlki illərdən yüksək olacaq. Bu il ümumi qiymət artımının 5 faizə çatması mümkün görünür. 

Vasif
Sfera.az


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man