Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, bu çərçivədə Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol uzunluğu 2.6 km olmaqla, 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı yuyulmuş, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlmişdir. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı.
Bu üzdən hazırda tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton borular quraşdırılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq və birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri ilə təbii ki, yol boyu vətəndaşların rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq.
2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı tərtib olunmuş tədbirlər planına əsasən, Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən 32 km uzunluğa malik və II texniki dərəcəli yeni avtomobil yolunun da inşası davam etdirilir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 38-ci km-dən götürür. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metr təşkil edəcək.
Hazırda yeni yol boyu yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilir. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurlar mexanizmlə kəsilərək, yol yatağı genişləndirilir.
Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün yeni suötürücü borular quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra olunur.
Ağstafa rayonunda icra olunan hər iki layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Tərtib olunan qrafikə uyğun aparılan işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man