Sosial şəbəkələrdə Zaqatalada sərnişinlərin avtobusun yük yerində daşınması ilə bağlı görüntülər yayılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər Zaqatala Rayon Polis Şöbəsində araşdırılıb: “Araşdırma nəticəsində həmin mikroavtobusu rayon sakini Hafiz Musayevin idarə etdiyi müəyyən edilib. Sürücü H.Musayev sərnişindaşıma və xüsusi karantin rejimi qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 211.1-ci maddələri ilə protokol tərtib olunub”.
Qeyd edək ki, həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılmasına baxmayaraq, sürücü xüsusi karantin rejimi qaydalarını pozaraq, şənbə günü fəaliyyət göstərib.