“Yeni bir siyasi nizam və dönəm formalaşır” - AKP-dəki struktur dəyişikliyi Türkiyə-Azərbaycan əlaqələrinə necə təsir edəcək?

24 Mart 2021 | 18:54
OXUNUB: 2722
Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayı keçirilib.
 
Xəbər verdiyimiz kimi partiyanın idarə heyəti üzvlərinin sayı artırılıb, Binəli Yıldırım və Numan Kurtulmuş vitse-prezident seçilib.
 
Maraqlıdır, AKP-də baş verən struktur dəyişikliyi, yeniliklər nə vəd edir? Sözügedən islahatların və qurultayın Azərbaycan üçün mahiyyəti nədən ibarətdir?
 
Məsələ ətrafında Sfera.az-a danışan deputat Asim Mollazadə mövcud yeniliklərin müstəqil siyasət üçün baza rolunu oynadığını bildirib:
 
"AKP ümidlə gələcəyə baxır, Türkiyənin inkişafı üçün əlindən gələni edir. Partiya cəmiyyətə, seçicilərə bununla bağlı bəyanat da verdi. AKP Türkiyənin ən böyük partiyası MHP ilə birgə Türkiyəni güclü dövlət kimi müstəqil siyasət yürütməyə aparacaq. Ölkə daxilində də bu partiyalar Türkiyənin sənaye təsirini gücləndirməlidirlər. Ümidvaram ki, verilən bəyanatlar partiya tərəfindən gələcəkdə uğurla davam etdiriləcək".
 
Deputat partiya daxilindəki yeniliklərin Azərbaycana mümkün təsirləri barədə də danışıb:
 
"İndiyədək biz bu partiyaların birliyindən ancaq dəstək görmüşük. Azərbaycanın apardığı Vətən müharibəsində və ondan əvvəl biz açıq dəstəyi müşahidə etdik. Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusunun müasir silahlarla təchizi üçün lazımı dəstəyi də verib. Bundan əlavə enerji, nəqliyyat sahəsində böyük strateji layihələr həyata keçiririk. Bir millət olaraq iki dövləti yetərincə yaxınlaşdıra bilmişik. Türkiyə hökuməti  sözsüz olaraq hər zaman Azərbaycanın yanında olub  və bu özü böyük strateji əhəmiyyət kəsb edir. Düşünürəm ki, AKP-də həyata keçirilən islahatlar ölkəmiz üçün həmişə olduğu kimi müsbət təsirini göstərəcək".
 
Politoloq Məhəmməd Əsədullazadə Numan Kurtulmuş və Binəli Yıldırımının partiyadakı mövqeyinin bir sıra müstəvidə uğurlu olacağını diqqətə çatdırıb:
 
"20 ilə yaxındır ki AKP Ərdoğanın rəhbərliyi ilə Türkiyədə hakimiyyəti idarə edir və Türkiyə xalqı bütövlükdə 20 ilə yaxındır ki, təkpartiyalı sistemlə koalisiya hökuməti olmayıb.

AKP Türkiyədə demək olar ki, bu illərdə sükanı əlində saxlayıb və Türkiyəni regional gücdən bütövlükdə beynəlxalq münasibətlər sistemini formalaşdıran bir ölkəyə çevirib. Qeyd edim ki, bu əlbəttə ki AKP-nin uğurlu kadr siyasəti, xüsusilə prezident Ərdoğanın partiya daxilində apardığı reformun nəticəsindən qaynaqlanır. İlk növbədə 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra demək olar ki AKP yenidən quruldu. 2023-cü ildən sonra Türkiyəni regionda daha da aparıcı etmək məqsədilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı yeni bir konsepsiya qəbul edildi, Türkiyəni beynəlxalq gücə çevirəcək proqram hazırlandı. Əlbəttə ki, bu da AKP-nin siyasi vizionu idi və bu istiqamətdə AKP daxilində islahatlara gedilməli idi. Ərdoğan AKP sədri olaraq partiyada onun siyasi baxışları ilə üst-üstə gəlməyən şəxsləri kənarlaşdırdı. Buna nümunə olaraq Əhməd Davudoğlu, Ali Babacan, Abdulla Gülü göstərmək olar. Bundan sonra Ərdoğan özünə daha uyğun, onun siyasi strategiyasını qəbul edən şəxsləri partiya sisteminə qəbul etdi. Numan Kurtulmuş və Binəli Yıldırımı partiyasına gətirməsi AKP-nin bundan sonrakı prosesdə Türkiyəni gücləndirmək, qonşu və regional ölkələrlə daha da sıx siyasi-iqtisadi və hərbi müstəvidə əlaqələrinə önəm verəcəyindən irəli gəlir".
 
Politoloq AKP daxilindəki yeniliklərin Azərbaycanın marağına cavab verdiyini qeyd edib. Müsahibimizin fikrincə Türkiyə bundan sonra xüsusi siyasət ortaya qoyacaq:
 
"AKP-nin 7-ci qurultayında Binəli Yıldırımın, Numan Kurtulmuşun partiya sədrliyinə gətirilməsi sözsüz ki, AKP-ni gücləndirəcək və 2023-ci il konsepsiyasına uyğun olaraq Türkiyə həm Yaxın Şərqdə, həm Şimali Afrikada və Cənubi Qafqazda, xüsusilə Azərbaycanla münasibətlərdə, həmçinin Mərkəzi Asiyada xüsusi bir siyasət ortaya qoyacaq.
 
Binəli Yıldırım və Numan Kurtulmuşun Azərbaycana qarşı münasibəti çox müsbətdir. Məhz Binəli Yıldırım baş nazir olarkən Azərbaycana çox ciddi dəstək olub, ölkəmizə dəfələrlə səfər edərək qardaşlıq mesajları verib. İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yeni bir siyasi nizam və dönəm formalaşır. Bu siyasi nizamda Türkiyə aparıcı rol oynayır. Türkiyə dövlətinin idarə edilməsində, Ərdoğanın komandasının daha da ciddi şəkildə reformda formalaşmasında yeni kadrların cəlb edilməsi əlbəttə ki, Ərdoğanın hakimiyyətini gücləndirəcək, növbəti mərhələlərdə seçkilərdə qalib gəlməsinə gətirib çıxaracaq.

Hesab edirəm ki, AKP-də islahatlar, hər iki nüfuzlu siyasətçinin partiya rəhbərliyinə gətirilməsi, MHP ilə birgə "Millət” İttifaqının qurulması Azərbaycanla əlaqələrin bundan sonra daha da inkişafına töhfə verəcək.
 
Qeyd edim ki, bu gün Türkiyə ilə Azərbaycan arasında siyasi- iqtisadi, hərbi əlaqələr yüksək səviyyədədir. Tərəflər demək olar ki, Cənubi Qafqazda yeni bir siyasi-hərbi kombinasiya və koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Məhz AKP-də aparılan bu islahatlar Azərbaycanla bağlanan müqavilələr, müttəfiq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində bu kadrların da öz töhfəsi olacaq.

Bir sözlə bundan sonra Türkiyə-Azərbaycan əlaqələri daha da inkişaf edəcək və Türkiyənin hakim partiyasında inkişafa hesablanmış bu islahatlar həm Türkiyənin həm də Azərbaycanın maraqlarına cavab verəcək".
 
Sfera.az
Əzizə Zeynal

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man