Xəbər verdiyimiz kimi, Türkiyə və Azərbaycan vətəndaşları
aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata
keçirə biləcəklər. Vizasız qalma müddəti isə 30 gün yox, 90 gün olacaq.
Dövlət Miqrasiya Xidməti yanında İctimai
Şuranın sədri Azər Allahverənov Sfera.az-a açıqlamasında deyib ki, bununla da artıq
vətəndaş pasportunun daşınmasına heç bir ehtiyac qalmayıb:
"Türkiyə ilə Azərbaycan arasında faktiki
olaraq miqrasiya mübadiləsi var. Vətəndaşlarımız rahat şəkildə koronavirus
testi verməklə Türkiyə ərazisinə daxil ola bilirlər, hər hansı məhdudiyyət
yoxdur. Sadəcə olaraq bu, aprel ayının 1-nə qədər vətəndaş pasportu ilə həyata
keçirilirdi. Yeni qaydalar bilavasitə hansı sənədlə ölkə ərazisinə daxil olmaqla
bağlıdır. Artıq biometrik informasiyaları özündə əks etdirən, yəni xüsusi çiplə
təchiz edilmiş şəxsiyyət vəsiqəsinin sahibi Türkiyə ərazisinə daxil ola bilər.
Bu bir növ rahatlığa hesablanan məsələdir. Digər tərəfdən bəllidir ki, vətəndaş
pasportunda olan bütün informasiyalar əgər bir çipdə yerləşdirilirsə və şəxs
ölkə ərazisinə daxil olarkən onunla bağlı zəruri informasiyalar çipə ötürülürsə,
bu, artıq vətəndaşlıq pasportunun
daşınmasına heç bir ehtiyacın olmadığını gündəmə gətirir.
Uzun müddətdir, buna doğru proseslər gedirdi.
Bəllidir ki, bu, siyasi iradə ilə bağlı olan məsələ idi. Qardaş dövlət olduğu təqdirdə
mövcud müəyyən prosedurların maksimum sadələşdirilməsini asanlaşdırmaq lazım
idi ki, onlardan biri viza rejiminin aradan qaldırılması oldu. Hər iki ölkənin
vətəndaşı digər ölkə ərazisində 90 gün müddətində qala bilər. 90 gündən sonra
ya ölkənin ərazisini tərk etməlidir, ya da müvəqqəti yaşamaq üçün aidiyyatı
strukturlara müraciət etməlidir. Aprelin 1-dən sonra bunu yeni şəxsiyyət vəsiqələri
ilə həyata keçirə biləcəyik. Bunun müsbət hal olduğunu düşünürəm. Biz faktiki
olaraq maksimum mübadiləni sadələşdirə biləcək bir şəraitin yaradılmasını
görürük”.
Müsahibimiz həmçinin ikinci ölkə üzərindən
Türkiyəyə getmək istəyən vətəndaşlardan da söz açıb:
"Məsələn, çoxsaylı vətəndaşlarımız həmişə
Gürcüstan üzərindən Türkiyəyə getməyə çalışırlar. Hətta Türkiyənin müəyyən şəhərlərinə
belə maşurutlar da mövcuddur. Belə
olduğu təqdirdə gediş ancaq vətəndaş pasportu ilə həyata keçirilə bilər. Çünki
Gürcüstan hələ ki Azərbaycanın yeni şəxsiyyət vəsiqələrinin istifadəsinə dair hər
hansı bir mövqe nümayiş etdirməyib. Ola bilsin, gələcəkdə Gürcüstanla Azərbaycan
arasında da yeni nəsil şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı
razılıq əldə olunsun. Hələlik bu razılıq yoxdur deyə, Gürcüstan üzərindən
Türkiyəyə getmək istəyən azərbaycanlılar vətəndaş pasportundan istifadə etməlidirlər”.
A.Allahverənov Türkiyə ərazisində 90 gün
vizasız qalma müddətini şərh edərkən bildirib ki, digər ölkələrlə müqayisədə
qardaş ölkə ilə prosedurlar bir qədər sadədir:
"90 gün o deməkdir ki, şəxs ölkə ərazisinə
daxil olur, 90 gün yaşayır və bu müddət bitəndən sonra ölkə ərazisini tərk etməklə
, yəni giriş-çıxış etməklə yenidən 90
gün imkanını qazanmış olur. Məsələn, Türkiyə ilə Azərbaycan arasında belə bir
prosedur var – 90 gün tamam olanda ərazini tərk etməli olsan da , elə bir neçə
saatdan sonra ölkə ərazisinə daxil olanda 90 günlük əlavə möhlət verilir. Bu,
sadə prosedurdur. Hətta digər 60, 90 günlük ölkə ərazində qalma müddətli,
vizasız rejimi olan ölkələrdə müəyyən əlavə tələblər mövcuddur. Məsələn,
Rusiyada 90 gün bitdikdən sonra yenidən 90 gün keçməlidir ki, ölkə ərazisinə
daxil ola biləsən. Bu, nisbətən sərt sayıla bilər. Bu gün Türkiyədə 90 gün
qalma müddətinin uzadılması ətrafında müəyyən fikirlər səsləndirilir. Bəzi dairələrdə
müzakirələr gedir, ola bilər, bununla bağlı ikitərəfli komissiya yaradılsın,
hüquqi , siyasi aspektləri nəzərdən keçirilsin. Hazırda isə sadələşdirmə
yolunda addımların atılması davam edir”.
Günay Rəsulqızı
Sfera.az