"Bir neçə gün əvvəl iki xanım 11 - ci sinif şagirdinin binanın üstünə çıxması və oradan düşüb vəfat etməsi məni çox kədərləndirdi. Bu hadisənin səbəbi intihardır və ya valideynlərinin dediyi kimi, şəkil çəkmək üçün ora çıxmışdılar, bu, istintaq zamanı müəyyən olunacaq”.
Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Hər iki versiya üzərində araşdırma aparan ekspert qeyd edib ki, intihar versiyası mümkündür:
"Bir tərəfdən pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər, digər tərəfdən qarşıdan gələn qəbul və buraxılış imtahanı, eyni zamanda ailə daxili nizam-intizam qaydaları da buna səbəb ola bilər. Bəs o yaşlı şagirdlər ilə işləməli olan məktəb psixoloqları nə edir?
2020-ci ilin martından məktəblərdə tədris onlayn-distant qaydada həyata keçirilir. Microsoft Teams proqramı və Tele Dərs ilə ancaq fənlər üzrə proses həyata keçirilir. Pandemiya dövrünün yaratdığı psixoloji gərginliyin aradan qaldırılması üçün fəaliyyət çox aşağı səviyyədədir. Rusiya və Türkiyə məktəblərində isə pandemiya dövründə psixoloji xidmət və dəstək daha da artırılıb. Digər tərəfdən isə, Türkiyə və Rusiyanın orta məktəblərinin sosial şəbəkələ hesablarında, saytlarında kifayət qədər psixoloji testlər, məqalə və materiallar yerləşdirilib. Bizim orta məktəblərin isə sosial şəbəkə hesabları ancaq Təhsil nazirliyinin xəbərlərini "kopi past” edib paylaşmaqdan və ya nazirin, nazirliyin hansısa əməkdaşının müsahibə, statusunu "repost” etməkdən ibarətdir. Hanı o məktəbin psixoloqu ki, testlər hazırlasın, məqalələr yazsın”.
K.Əsədov məktəblərin saytının Nuh əyyamı dövründən qaldığını, ancaq rəsmi məlumatların yerləşdirildiyini vurğulayıb:
"Direktor və müəllimlər isə ancaq şəkil çəkdirib paylaşmaqdan başqa bir iş görmürlər. 11 -ci sinif şagirdləri məktəbə getmədən məzun olacaqlar, amma imtahanlardan sonra nəticələr o şəkil çəkdirən direktor və müəllimlərin olacaq. Çox təəssüflər olsun ki, məktəblərin elektron resursları nəzarət olunmayan vəziyyət alınıb. Hamı vaxtını keçirmək, başını saxlamaq formatında işləyir. Sonda da maaş davası edirlər”.
Ekspert ikinci iddiadan – şəkil çəkdirmək ehtimalından da söz açıb:
"Həqiqətən də "tik-tok” və digər platformalarda məktəblilərin xoş olmayan bəzən isə təhlükəli hərəkətlərinin şahidi olduq. Düşünürəm ki, müvafiq qurumlar tərəfindən tik-tok və bu kimi platformalara məhdudiyyət tətbiq etməlidir. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu təcrübə var. Yeniyetmələr diqqət cəlb etmək üçün qeyri-adi nəsə etməyə çalışırlar ki, bu da bəzi hallarda xoş olmayan nəticəyə gətirib çıxarır. Vəziyyətdən çıxış yolu var. Yaxşı nəticə əldə etmək olar. Artıq bu istiqamətdə layihə üzərində işləyirik”
Qeyd edək ki, ötən gün iki məktəbli qız - Səmədova Əfruz Rafiq qızı və Quliyeva Mətanət Elşən qızı Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar. Hər iki şagird Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olublar.
Türkan
Sfera.az