Bakı
metrosunun pandemiya ilə əlaqədar fəaliyyətini dayndırması alternativ nəqliyyat
vasitələrində sıxlığa gətirib çıxarıb. Avtobuslarda müşahidə edilən sərnişin
sıxlığı isə ciddi narazılıqlara səbəb olur.
Yəqin
ki, əksəriyyət gün ərzində "Adam çoxdur, hara saxlayırsan?” və ya "Dayanacaqda
dayanma, birbaşa sür” kimi iradlarla sürücüləri günahlandıranlarla az
rastlaşmır.
Əslində
günahkar kimdir? Avtobusların sərnişin limiti varmı və problem necə aradan
qaldırıla bilər?
Yol-nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a avtobuslarda sərnişinlərlə
bağlı müəyyən qaydaların olduğunu deyib:
"Düzdür,
şəhərlərarası daşımalarda ayaqüstdə sərnişin daşıması qadağandır. Amma şəhərdaxili
nəqliyyatda buna qanunla icazə verilir. Bəzi avtobuslarda istehsalçı zavod
oturacaq sayını və ayaqüstdə sərnişin sayını müəyyənləşdirir və bu məlumat
qapının girişində - hər iki tərəfdə qeyd edilir. Ümumilikdə qanuncericilikdə
bununla bağlı konkret nəsə yoxdur. Buna görə də bu gün avtobus sürücülərini də,
sərnişinləri də anlamaq mümkündür. İnsanlar dayanacaqlarda dayanırlar,
avtobusların sayı məhduddur. Belə olan halda, hamı mənzilbaşına vaxtında çatmaq
istəyir. Bunun üçün də ictimai nəqliyyat normal şəkildə işləməli, avtobusların
sayı yetərincə olmalıdır”.
Ekspert
vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, hazırda paytaxtda 2100
civarında avtobus xidmət göstərir:
"Bu say
isə hətta pandemiyadan əvvəlki dövrdə belə yetərincə olmayıb. Bakı şəhərində
aparılan təhlillərə görə, metro işləyə - işləyə 2500 avtobus sərnişinlərin tələbatını
ödəyə bilər. Bu qədər avtobus isə Azərbaycanda təbii ki, yoxdur. Üstəlik metro
da bağlıdır. Metronun gün ərzində bir milyondan çox , avtobusların da 2 - 2,2
milyon civarında sərnişin daşıdığını nəzərə alsaq, bu gün metronun yükü
avtobusların çiynindədir. Avtobuslar isə heç adi günlərdəki tələbatı yerinə
yetirə bilmir. Beləliklə problem özünü qabarıq şəkildə göstərir. Bu baxımdan nə
sərnişinləri, nə də avtobus sürücülərini qınayıram. Reallıqla barışmaq
lazımdır.
Hamı
evinə vaxtında çatmaq istəyir, kimə demək olar ki, "Avtobusa minmə, düş”. Əlbəttə,
qapıları açıq qoymaq, sıxlıq yaratmaq olmaz. Pandemiya dövründə bu, təhlükəlidir.
Amma kimə deyək? Sürücüyə irad bildirəndə heç kimin düşmək istəmədiyini, məcbur
olduğunu deyir. Hamı yüksək maaş almır ki, gündə taksi ilə gedib gəlsin, yaxud,
şəxşi avtomobildən istifadə etsin. İnsanlar məcburən bu vəziyyətə düşüblər.
Çıxış yolu isə yoxdur. Əvvəllər ictimai nəqliyyatın digər növləri yaradılmış
olsaydı – tramvay, trolleybus - yəqin ki, bu
vəziyyətə gəlib düşməzdik”.
Günay Rəsulqızı
Sfera.az