Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının
(YAP) növbədənkənar qurultayının keçiriləcəyi barədə məlumatlar yayılıb.
Məlumdur ki, hakim partiyanın qəfil qurultay qərarı
təsadüfi sayıla bilməz və bu ciddi islahatların anonsu kimi dəyərləndirilir.
Maraqlıdır, siyasi icmalçılar, müxtəlif siyasi təşkilat liderləri hakim
partiyanın bu qurultayından nə gözləyirlər?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli
Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəməsələ ilə bağlı hansısa şərh vermək istəməyib:
"Fərziyələri şərh etmək istəmirəm.
Hər bir partiya öz nizamnaməsilə idarə olunur.
Ona görə də məsələ ilə bağlı heç bir şərhim yoxdur”.
ReAL-ın icra katibi Natiq Cəfərlinin fikrincə,
bu qurultayla hakim partiyanın idarəetmə orqanlarına yeni simalar gətiriləcək:
"Ola bilər ki, YAP-ın növbədənkənar qurultayında hətta sədr dəyişikliyi də
olsun. Çünki Azərbaycan Prezidenti 10
milyonluq insanın prezidentidirsə, onun bir partiyaya rəhbərlik etməsi doğru
deyil. Habelə, partiyanın idarəetmə
orqanlarında dəyişikliyin olacağı, yeni simaların gələcəyi də istisna edilmir.
Yəni, hakim partiyanın növbəti qurultayı gələcəkdə Azərbaycan siyasətində kifayət
qədər müzakirə olunacaq maraqlı situasiya yarada bilər”.
ASDP sədri Araz Əlizadə digər partiyaların daxili işlərinə qarışmamağa üstünlük
verdiyini söyləyib:
"Yəqin ki, qurultayda hesabat olacaq. Həmçinin, gözlənilir
ki, gələcək fəaliyyət planlarını müzakirə edəcəklər. Bununla belə, digər partiyaların daxili işlərinə
qarışmıram”.
Ümid Partiyasının sədri İqbal Ağazadə YAP
qurultayı ilə ciddi gözləntilərinin olmadığını ifadə edib:
"YAP üzvü olmadığım, başqa partiyanın sədri olduğum üçün hakim partiyadan heç
bir gözləntilərim yoxdur. Ona görə də onların qurultayı ilə bağlı deyəcəyim heç
nə yoxdur. Bütün təşkilatlara uğurlar arzulayıram”.
Milli Məclisin deputatı, Böyük Quruluş
Partiyasının sədri Fazil Mustafa YAP-ın qurultayı məsələsini elə hakim partiya
üzvlərinin öz öhdələrinə buraxmasını məsləhət gördü:
"Bunun mənə nə aydiyyatı
var. Başqa partiyanın işinə qarışmaq, elə YAP-ın bizim partiyanın işinə
qarışması kimi bir şeydir. Özləri bilər, nəyi istəsələr onu da təsdiq edəcəklər.
Onlara hansısa ağıl və ya məsləhət verməyimizin anlamı yoxdur”.
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab
edir ki, hakim partiyanlın qurultayı
formal xarakter daşıyır:
"YAP
klassik mənada dərk olunan siyasi partiya kimi fəaliyyət göstərmir. Bu partiya
ölkənin nə daxili, nə də xarici siyasətində, ölkədəki siyasi proseslərdə
faktiki iştirak etmir. YAP konkret olaraq hakimiyyətdəki siyasi qüvvənin dəstəkçisi,
onun təzyiq qrupu kimi fəaliyyət göstərir. Ona görə də YAP-ın qurultayları
formal xarakter daşıyır, heç bir əhəmiyyət kəsb etmir. Cəmiyyət üçün orada qəbul olunan qərarlar, həyata
keçirilən ssenarilər maraqlı deyil”.
İctimai siyasi fəal Həcər Abbaslı düşünür ki,
bu qurultay Siyavuş Novruzov üçün
sonuncu olacaq, o YAP-dan çıxarılacaq:
"YAP-ın qurultayında hansı məsələlərin müzakirə
olunacağını bilmirəm. Amma ümid edirəm
ki, qurultayda Siyavuş Novruzov və digərlərinin partiyadan çıxarılması və
onlara şiddətli töhmət verilməsi barədə
qərarlar verilə bilər. Əldə
etdiyim informasiyalara görə məhz belə də olacaq”.
Elçin
Sfera.az