Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarını
bu gün saat 18:30-da Respublika meydanında keçiriləcək mitinqə dəvət edib. O, müxalifətin iddialarının əksinə olaraq, ətrafında
tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.
Saat 16:00-da isə İrəvan küçələrinə Ermənistan
müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq
və yürüş keçirəcək.
Sfera.az xəbər verir ki, politoloq Elxan
Şahinoğlunun sözlərinə görə, Ermənistanın
baş naziri Nikol Paşinyan üçün bugünki mitinqin güc nümayişi ilə yanaşı rəmzi mənası
da var:
"1 mart 2008-ci ildə, yəni 13 il əvvəl müxalifət
Serj Sarkisyanın saxtakarlıq nəticəsində prezident seçilməsinə etiraz olaraq
küçələrə axışdı. Kreslosunu yerlisi Sarkisyana ötürən Robert Köçəryan
prezidentliyə digər namizəd Levon Ter-Petrosyan tərəfdarlarına atəş açmaq əmrini
verdi. Nəticədə ən azı 10 nəfər qətlə yetirildi, xeyli yaralanan oldu.
Etirazçılar arasında o zaman Levon
Ter-Petrosyan tərəfdarı olan gənc Nikol Paşinyan da var idi. Onu axtarışa
verdilər, bir il sonra həbs olundu. Məhkəmə Nikol Paşinyanı 7 il həbs cəzası
verdi, ancaq 2011-ci ildə Ermənistan müstəqillliyinin 20 illiyi ilə əlaqədar
amnistiya elan edildi və Paşinyan azadlığa çıxdı. Paşinyan həmin tarixi
unutmadı və 2018-ci ildə hakimiyyətə gələn kimi 2008-ci ildə qətliama əmr verənləri
həbs etməyə başladı.
Şübhə etmirəm ki, Nikol Paşinyan bütün bunlar
haqqında mitinqdə danışacaq və 2008-ci il qətliamının baiskarları qarşısında
istefa verməyəcəyini bəyan edəcək”.
Politoloq həmçinin qeyd edib ki, Ermənistan
müxalifəti əlacsız qalıb "Venesuella modelini” tətbiq etməyə də çalışa bilər: "Yəni, Paşinyanın dirəndiyini və
istefa verməyəcəyini anlayan müxalifət paralel stukturlar və meydanda müvəqqəti
hökumət formalaşdıra bilər. Sonra da dövlət stukturlarına, o cümlədən baş qərargah
rəisi Onik Qasparyana müraciət edəcək ki, Vazgen Manukyana itaət edin.
Venesuellada ikihakimiyyətlilik ona gətirib çıxardı ki, ölkə bərbad günə düşdü,
iqtisadiyyatı yerlərdə sürünür”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin
baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da
qiyamçıların tərəfinə keçdiyini bəyan edib. "Məğlub ölkənin lideri postunda
qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, "1 mart”ı təkrarlamaq
istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi – güllələnmə, yanan maşınlar və
sair”, deyə, qiyamçı general bildirib.
Xatırladaq ki, bu gün Yerevanda daha bir
nümayişin olacağı gözlənilir. Belə ki, ilk nümayiş Ermənistanın sabiq
prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı
ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart
tarixində öldürülən şəxsləri yad edəcəklər.
Günay Rəsulqızı
Sfera.az