Banklarda 100 min manata qədər olan əmanətlər tam qorunacaq - ŞƏRH

08 Dekabr 2020 | 11:47
OXUNUB: 1233

Sığortalanan əmanətlərə görə nəzərdə tutulan maksimum kompensasiya məbləğində dördüncü dəfə artıma gediləcək. İndiyə qədər kompensasiya məbləğinə 3 dəfə baxılıb və sonuncu dəfə 8 may 2009-cu ildən maksimum məbləğ 30 min manata qaldırılıb.


Sfera.az xatırladır ki, kompensasiya məbləği "Əmanətlərin sığortalanması haqqında” Qanunda öz əksini tapır. Adıçəkilən qanun 2006-cı ildə qəbul edilib. Qanunun 26-cı maddəsinə əsasən Əmnanətlərin Sığortalanması Fondu tərəfindən iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiya ödənilir.

 

Qaydaya əsasən bir iştirakçı bankda əmanətin məbləğinin 100 faizi, lakin 30 min manatdan çox olmayaraq kompensasiya edilir. Bu o deməkdir ki, Fond, bank bağlandıqda burada sığortalanmış 50 min manatı olan əmanətçiyə 30 min manatdan artıq kompensasiya verə bilməz. Əmanətçi qalan 20 min manatını bağlanan bankın özündən almalıdır.

 

Qeyd edək ki, qanun qəbul ediləndə maksimum kompensasiya məbləği 4 min manat idi. 2008-ci ildən bu məbləğ 6 min manata, qısa müddət sonra 8 min manata qədər artırıldı. 2009-cu ildə bu məbləğ 4 dəfəyə yaxın artırılaraq 30 min manata çatdırıldı. Devalvasiyaya qədər 30 min manat 38 min dollara bərabər idi. Hazırda isə 17,64 min dollardır. Yenidən dollar ekvivalentində maksimum kompensasiya məbləğini artırmaq üçün onun həddini 64,5 min manata çatdırmaq lazım idi. Mərkəzi Bank hökumətlə birgə bu məsələni nəzərdən keçirdi və 2021-ci ilin aprelindən kompensasiya məbləğinin 100 min manata çatdırılması haqqında qərar qəbul etdi.

 

2016-cı ilə qədər əmanətçilər kompensasiya məbləğinə diqqət yetirmirdi. Çünki həmin tarixə qədər bankların bağlanmasına təsadüf olunmurdu. Amma 2016-cı ildən bankların müflis olması və qısa müddətdə 13 bankın bağlanması kompensasiya məsələsinə diqqəti artırdı. Buna görə də 2016-cı ilin martından "Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul edildi. Yeni qanun sığortalanan bütün əmanətləri qoruyur.

 

Bu qanun keçici idi və 3 il müddətinə tətbiqi nəzərdə tutulurdu. 2019-cu ilin martından əmanətlər yenidən "Əmanətlərin sığortalanması haqqında” Qanununla kompensasiya edilməli idi. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi mövcud kompensasiya məbləği az olduğundan "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqinin dayandırılması banklardan xeyli vəsaitin götürülməsinə səbəb ola bilədir. Belə bir riskdən yayınmaq üçün "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqi bir neçə dəfə uzadıldı. Hazırda qanun qüvvədən düşüb. Təklif edilir ki, 2021-ci ilin aprelinin 5-nə qədər qanunun tətbiqi uzadılsın və həmin tarixdən "Əmanətlərin sığortalanması haqqında” Qanunu tətbiqinə başlanılsın. Köhnə qanunun tətbiqinə yenidən başlayan zaman isə maksimum kompensasiya məbləği 30 min manatdan 100 min manata qaldırılsın.

 

Mərkəzi Bankın məlumatına əsasən 100 min manat məbləği bir bankdakı əmanət müqavilələrinin 99,9 faizinin tam kompensasiyasına imkan yaradacaq. Bu məbləğ dollarla ifadədə 58,8 mindirdir və xarici valyutada olan əmanətlərin də kompensasiyası üçün yaxşı təminat verir.

 

Bir bank üzrə 100 min manat kompensasiyanın nəzərdə tutulması imkan verəcək ki, bir nəfər banklarda 2,6 milyon manat dəyərində qorunan əmanət saxlasın. Çünki hazırda 26 bank var və bir banka 100 min manat yerləşdirməklə ümumilikdə 2,6 milyon manata təminat altına almaq mümkündür.

 

2015-ci ildən sonrakı dövrün təhlili göstərir ki, sığorta edilən və maksimum kompensasiya məbləğinə uyğun gələn əmanətləri bank bağlandıqda asanlıqla geri almaq mümkündür. Devalvasiyaya qədər ölkəmizdə 43 bank olub. Onların 17-i bağlanıb. Həmin banklar bağlandıqda sığortalı əmanətlər 1-2 ay müddətində Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarıldı. Buna görə də insanlar arasında əmanətlərin sığortalanmasına və kompensasiya edilməsi sisteminə inam güclənib. Bu inamı qorumaq üçün "Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tətbiqinin dayandırılmasından sonra kompensasiya məbləğinin artırılması vacib idi.

 

 

Vasif

Sfera.az

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man