"Fransanın
tanınmış bir qrup mədəniyyət xadimi (rejissor, yazıçı, aktyor, musiqiçi,
jurnalist, müğənni) Qarabağdakı erməni separatçılığını açıq şəkildə
dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciəti imzalayıblar. Bu
barədə Fransanın "Le Figaro” nəşrində məlumat yayımlanıb”.
Sfera.az xəbər verir ki, bu
barədə Mədəniyyət Nazirliyinin məsələ ilə bağlı yayımladığı məlumatda deyilir.
Bildirilib
ki, müraciət ermənilərlə həmrəyliyi, onların Qarabağdakı taleyi üçün
narahatlığı, qondarma "1915-ci il soyqırımı”nın təkrarlanmasını, erməni
separatçılığına dəstəyi, ümumiyyətlə, Azərbaycanın məkrli planlarının olmasını
nümayiş etdirir:
"Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, otuz ilə yaxın müddətdə
Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini
icra etməyərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış
ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq
işğal altında saxlayıb.
Uzun
illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində
həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət
abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan
şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.
İşğal
edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə
yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan
927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və
rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey
filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert
müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və
mədəniyyət abidəsi bu vandalizminin qurbanına çevrilib.
Mədəni
irsə, o cümlədən, xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına
münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.
Müvafiq
dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya
ictimaiyyətinə təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət xadimlərinin
iştirakı, onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu
qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.
Diqqətə
çatdırırıq ki, UNESCO-nun "Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi
haqqında” 1954-cü il Haaqa Konvensiyası və "Mədəni mülkiyyətin qanunsuz olaraq
ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq
başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş
tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına
baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni
irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz
faktlar və dəlillər mövcuddur.
Nazirlik
Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və Azərbaycanın
dağıntıya və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda
baxış keçirmək məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini
işğaldan azad olunmuş ərazilərimizə dəvət edir”.
Qeyd
edək ki, Fransanın məşhur "Le Figaro” nəşri Qarabağdakı erməni separatçılığını
açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlamış müraciəti
imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların,
musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb.
Müraciətin
ümumi məğzi ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq,
qondarma "1915-ci il soyqırımı”nın təkrarlanması, erməni separatçılığına
dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olmasından
ibarətdir.
Müraciət
edənlərin siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet
Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin
adları var.