Rusiyanın Sənaye və Titcarət Nazirliyi (Minpromtorq) avtomobil istehsalı ilə bağlı hökumətə maraqlı təklif verib. Avtosfer.az-ın TASS-a istinadla xəbərinə görə, nazirlik daha aşağı standartlarla (o cümlədən Avro-0) avtomobil istehsalına icazə verilməsini istəyir. Qurum təklifini belə əsaslandırır: xarici detallar olmadığı üçün istehsal dayanıb. Köhnə standarta uyğun detalları isə bəzi zavodlar istehsal edə bilir. Artıq “Kamaz” Avro-2 standartına uyğun maşınlar istehsal edib, lakin satışına icazə verilmir. QAZ Şirkətlər Qrupu da bildirib ki, tələblərin yüngülləşdirilməsi sayəsində model sayını artırmaq mümkün olacaq. URAL şirkəti də istehsal planını 11% azaldaraq yanız “zamanın sınağından çıxmış” modelləri (URAL-4320) istehsal edəcəyini bildirib. Məşhur “Ural” motosikllərinin isə istehsalı Qazaxıstana köçürülür. UAZ istehsalı mayın 15-dək dayandırır.
Avtomobil eksperti Artyom Bobsovun fikrincə Rusiyanın avtomobil sənayesi dilemma qarşısındadır: ya bütövlüklə istehsalı dayanırmaq, ya da İran yolu ilə gedərək aşağı texnologiyalı maşınlar hazırlamaq. Lakin İran zavodları tədricən istehsalı təkmilləşdirərək sərbəst istehsalçıya çevrilib. Rusiyada isə heç nə istehsal edə bilmir.
Hökumət nümayəndələri bildirirlər ki, qaydaların yüngülləşməsi müvəqqətidir və gələn fevralda yenidən Avro-5 standartına qayıdılacaq. Üstəgəl yeni qayda məhdud sayda istehsalçıya, daha doğrusu sovet vaxtından işləyən müəssisələrə şamil olunur. Sosial şəbəkədə yayılmış karbüratora qayıdış söhbəti isə istisnadır.
Lakin reallıq fərqlidir: “Niva”nın “General Motors” lisenziyalı injektorunu nə ilə əvəzləmək olar? Dizel mühərriklə? Xeyr, bu mümkün deyil. Yəqin yaxın aylarda karbüratorlu “Niva” barədə eşidəcəyik. Azərbaycanda isə görmək nəsib olmayacaq. Çünki qanun belə maşınların idxalına iczə vermir. Eynən də UAZ. Bu zavod Rusiya ordusunu minik avtomobilləri ilə təmin edir. Köhnə modeli konveyerdən çıxarmaq planı görünür bu il də alınmayacaq.
Yeni təklif təkcə ekologiyaya aid deyil. Avtomobillərdə hava yastığı, ABS və digər zəruri detalların da yığışdırılması təklif olunur.
Bir sözlə, rusiyalı istehsalçılar artıq dədə-baba qaydası ilə istehsala start verib. Minpromtorqun məlumatına görə bir neçə min avtomobil artıq yığılıb. Qalır hazır məhsulun satılması. Hökumət yəqin buna razı olacaq, çünki başqa yol yoxdur. Avtomobil istehsalının dayanması on minlərlə işsizin ortaya çıxması ilə nəticələnəcək.
Bəs əcnəbi istehsalçıların vəziyyəti necə olacaq? Axı “BMW”, “Kia” “Nissan” və ya “Toyota”nı karbüratorla və ya basqısız dizel mühərriki ilə istehsal etmək mümkün deyil! Bu şirkətlər təkcə Rusiyaya görə köhnə standarta qayıtsa beynəlxalq səviyyədə nüfuzları sıfıra enər. Ona görə də (hələlik) yeganə çarə müəssisəni sataraq Rusiya ilə sağollaşmaqdır. Bu isə bütünlüklə keçmiş SSRİ bazarını itirmək anlamına gəlir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man