Hibrid avtomobillərin qiyməti bu qədər ucuzlaşacaq - Deputat AÇIQLADI

Nəqliyyat xəbərləri 22 Noyabr 2021 | 13:41
OXUNUB: 1186

Dünya ölkələrinin böyük əksəriyyəti artıq ekoloji cəhətdən daha səmərəli olan elektrik və hibrid avtomobillərə üstünlük verməyə başlayıb. Azərbaycanda da son zamanlar bu tendensiya özünü qabarıq büruzə verir. Hadisələrin gedişi isə elektrik, xüsusən də hibrid avtomobillərin sayının Azərbaycanda yaxın tezlikdə daha çox artacağını deməyə əsas verir.

Məlumdur ki, Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik layihəsini ilk oxunuşda müzakirəyə çıxararaq qəbul edib. Dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək. İqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bu məsələ ilə bağlı bildirib: “Gələn ildən Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir. Dəyişikliklərə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Gözlənilir ki, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olacaq. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18% azalmasına səbəb olacaq” (Məsələn, 65 min manata satılan hibrid avtomobil güzəştlər tətbiq ediləndən sonra 53 min manata başa gələcək).

Vüqar Bayramovun sözlərinə görə, hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olması qaçılmazdır: “Söhbət, təbii ki, son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər”. Hazırda Azərbaycanda elektrik avtomobilləri ilə müqayisədə hibrid maşınlara daha çox maraq yaranması müşahidə edilir.  Bunu şərtləndirən səbəblərdən biri də hibrid avtomobillərinin qiymətinin daha ucuz olmasıdır. Amma ölkəmizdə daha çox ikinci əl və əsasən də ABŞ-dan gətirlən hibrid maşınlardan istifadə edilir. Bu, ilk növbədə  “Toyota Pirius” avtomobili fonunda özünü göstərir. Azərbaycanda hibrid avtomobilləri içərisində əsasən “Toyota Prius” avtomobilinə marağın artması müşahidə olunur və həmin maşınlar daha çox taksi xidmətində istifadə edilir. Lakin burada bəzi problemlər də özünü göstərir. Məsələ burasındadır ki, hibrid avtomobillər ABŞ, Avropa və Asiya spesifikasiyalı olur və bu spesifikasiyalar maşının istifadə olunacağı ölkənin standartlarına, eyni zamanda iqlim şəraitinə görə hazırlanır. Ona görə də ekspertlər hesab edir ki, hibrid avtomobillər alarkən yaşadığın ölkənin spesifikasına uyğun avtomobil almaq lazımdır. Azərbaycana gətirilən işlənmiş hibrid “Prius”lar əsasən ABŞ-dan Bakıya daxil olur və bu avtomobillər ABŞ üçün istehsal olunmuş sayılır. Yəni Amerika spesifikasiyalı avtomobillərdir. Ona görə də vətəndaşlar bu avtomobilləri aldıqdan  müəyyən müddət sonra görürlər ki, hər hansı detal çatışmayanda onu tapmaq müşkül olur. Problem ondadır ki, Azərbaycan Avropa spesifikasiyasına aiddir. Ona görə də tövsiyə edilir ki, vətəndaşlar Avropa spesifikasiyalı avtomobillər alsınlar. Bu halda hibrid avtomobillərlə bağlı problemlər də asanlıqla həllini tapa bilər. Azərbaycanda rəsmi distrübüterlərin təklif etdiyi hibridlərin servisi yaxşı təşkil edilir. Distrübüterlərin təklif etdiyi hibrid avtomobillərin kifayət qədər ustaları da, ehtiyat hissələri də var. 

Bu gün Azərbaycan vətəndaşlarının ekoloji təmiz avtomobillərə marağı böyükdür. Hazırda  ölkədə hibrid avtomobillər nəqliyyat vasitələri bazarının 10%-ni təşkil edir. Hesab edilir ki, Vergi Məcəlləsinə dəyişikliklərdən sonra tezliklə bu nisbət 15%-ə qalxacaq və sonradan da artmaqda davam edəcək. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov isə məsələ ilə bağli bildirir: “Artıq hökumətin bəzi strukturlarında aidiyyəti məsələlərlə məşğul olan işçi qrupları yaradılır. Bu onu göstərir ki, ekoloji təmiz avtomobillərin ölkəmizə idxalını stimullaşdırmaq istiqamətində konkret addımlar atılacaq. Azərbaycan Mərkəzi Bankı ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi üçün kommersiya banklarına şərait yaratmalıdır. Bu, həm də Azərbaycan iqtisadiyyatında hərəkətlilik yaradacaq. Digər ölkələrə fikir versək görərik ki, onlarda iqtisadiyyatın aparıcı sahəsi avtomobil sektorudur. Bu baxımdan təklif edərdim ki ölkəyə avtomobillərin idxalının stimullaşdırılması ilə yanaşı, onların ölkə daxilində istismarının stimullaşdırılması üçün addımlar atılsın. Əgər bu, birtərəfli qaydada olsa effektiv olmayacaq. Əgər idxal rüsumlarının endirsək və əlavə dəyər vergisini azaltsaq və yaxud tam ləğv etsək, ölkə daxilində vətəndaşlar onu ala bilməsə o zaman bunlara nə ehtiyac var? Hesab edirəm ki bu səbəbdən istiqamətlər müəyyən edilməli və paralel addımlar atılmalıdır. İlk olaraq ekoloji təmiz avtomobillərin kreditləşdirilməsi sadələşdirilməlidir. Banklar ekoloji təmiz avtomobil almaq istəyən vətəndaşa mütləq güzəştli kredit verməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man