Toy karvanları ölüm saçır - Hoqqabazlıq edən cavanlar niyə ipə-sapa yatmır?
Nəqliyyat xəbərləri03 Avqust 2021 | 15:43
OXUNUB: 1454
Uzun müddətlik fasilədən sonra Azərbaycanda toy məclisləri keçirilir. Bununla da illərdir, yaşanan problem yenidən gündəmə gəlib. Belə ki, toy karvanları hələ də bir sıra çətinliklər yaradır, yol qəza hadisələrinə səbəb olur. Yol polisi bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, nəticə ürəkaçan deyil. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında toy karvanları ilə bağlı hər hansı irəliləyişin olmadığını deyib: "Əksinə, indi təzə hoqqalar çıxarır, yeni üsullara əl atırlar. Avtomobilin nömrəsini dəyişirlər, çünki sosial şəbəkələrdə görüntü yayılan zaman yol polisi tərəfindən cəzalandırılacaqlarını bilirlər. İsveçrə, Danimarka və başqa ölkələrin dövlət nömrə nişanlarını hardansa əldə edib toy karvanlarında şou göstərirlər. Artıq vəziyyət daha təhlükəli həddə çatıb. Dəfələrlə edilən xəbərdarlıqlara, toy sahiblərinə ünvanlanan müraciətlərə baxmayaraq, nəticə yoxdur. Toy karvanında iştirak edənlərdə, o hərəkətləri edən sürücülərdə bir az vicdan, insani keyfiyyət olsaydı, heç vaxt faciəyə səbəb olmaz, hadisə törətməyə çalışmazdılar. Görünür, onlar toy sahiblərinə dəyər vermirlər, istədiklərini edərək qan-qaraçılıq salırlar. Sosial şəbəkələrdə yazırlar ki, toyda maşının iki təkəri də qalxmadısa, nə ləzzəti... Görün, bu cəmiyyətdə nə qədər bədbəxt, təfəkkürsüz insanlar yetişir”.