Onun arabası var, amma enerjisi yoxdur, detalı tapılmır...

Nəqliyyat xəbərləri 20 Mart 2021 | 23:35
OXUNUB: 6473

Ekspert: “Avropa ölkələrində elektromobillərin şarj edilməsi pulsuzdur”

İnsanlar elektrik mühərrikli avtomobil alıb xərcini azaltmaq istəsələr də, işləri daha da çətinləşib. Avtomobili enerji ilə doldurmaq üçün insanlar küçələrdə, həyətlərdə saatlarla gözləməli olurlar – avtomobilə qoşulu olan elektrik naqillərinin başı ucunda. Üstəlik, bunun təhlükəli tərəfləri də var – elektrik naqillərinə ehtiyatsızlıq uşaq toxuna bilər, nəzarətsiz buraxsan, enerji təmin edən cihaz (şarj aparatı) oğurlana bilər və s.

Qeyd edək ki, elektromobillərini şəxslərin özləri tərəfindən bu cür enerji ilə yüklənməsi cəmi 70-75 qəpik xərc aparır. Lakin xüsusi yerlərdə elektromobili tam doldurmaq üçün ən azı 5 manat xərcləmək lazım gəlir. Elektrikli nəqliyyat vasitələri üçün dolum qurğularında olan qiymətlər bu cürdür: İlk yarım saat üçün 3 manat, növbəti yarım saat üçün 2 manat.

Yəni qabaqlar pulsuz olan və şəhərin bir sıra yerlərində quraşdırılan elektrikli nəqliyyat vasitələri üçün dolum qurğuları indi ödənişlidir. Buna görə bəzi insanlar elektromobilini satıb ya dizel, ya da benzinlə işləyən avtomobillər alırlar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, son beş ildə ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin statistikası belədir: 2016- cı ildə 20 ədəd; 2017-ci ildə 88 ədəd; 2018-ci ildə 66 ədəd; 2019-cu ildə 132; 2020-ci ildə 167 ədəd.
Statistikaya əsasən, son illərdə elektrik mühərrikli avtomobillərə tələbat artıb. Tələbin artması ilə yeni şərtlər formalaşıb. Aİ-92 markalı benzin, o cümlədən qazın qiyməti tənzimlənsə də, elektriklə bağlı vahid tarif yoxdur.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı AYNA-ya açıqlamasında elektomobillərin şarj edilməsinin artıq pullu olması barədə xəbəri ilk dəfə eşitdiyini deyib: “Bu, əslində belə olmamalıdır. Bununla bağlı hansısa bir formada tarif müəyyənləşdirmək lazımdır. Mühərrikin tutumuna, həcminə, gücünə görə simvolik bir məbləğ müəyyənləşdirilə bilər”.

Ekspertin sözlərinə görə, dünyanın heç bir ölkəsində bu cür yanaşma yoxdur: “Hətta, elektomobilləri təbliğ etmək, insanların marağını cəlb etmək üçün hipermarketlərdə, böyük ticarət mərkəzlərinin qarşısında xüsusi akkumlyator bölməsi yaradırlar. Orda dolu akkumlyatorlar bir löhvədə qoyulur, boş akkumlyatorlar üçün isə ayrıca yer ayrılır. Avtomobilinizi ora yaxınlaşdırırsınız, maşınınızın üzərindəki boş akkumlyatoru qoyub, orda dolu akkumlyatoru götürüb maşının üzərinə qoyub və davam edirsiniz. Görün, nə qədər kreativ işlər görülür. Onlar bunu insanların elektromobil sürməyə həvəsləri olsun deyə edirlər”.

Bu cür avtomobillərə bizdə olan münasibətə gəldikə Muradlı bildirib ki, əgər bizdə bundan sui-istifadə edərək belə işlərlə məşğul olurlarsa, müəyyən vəsait tələb edirlərsə, bunun qarşısı alınmalıdır: “Bu, insanları bezdirməməlidir. Onsuz da əvvəl-axır qiymət müəyyənləşdiriləcək. Sadəcə olaraq elə bir qiymət müəyyənləşdirilməlidir ki, insanlar narazı qalmasınlar. İnsanlar narazı olmasın deyə standart qiymətlər olmalıdır. Biz necə gedib yanacağın qiyməti üçün 1 AZN, 1,20 AZN ödəyiriksə və biliriksə ki, yanacağın qiyməti bu cürdür, eləcə də şarjetmə məntəqələrində də bu cür olmalıdır. Mən istərdim ki, dövlətimiz humanistlik göstərib elektromobillərin şarj edilməsini pulsuz etsin. Bununla da insanlar  üçün normal şərait yaransın”.

Həmsöhbətimiz elektromobillərin şarj edilməsi üçün xüsusi məntəqələrinin sayının az olmasına da diqqət çəkib: “Barmaqla sayıla biləcək sayda şarjdoldurma məntəqələri var. Ümumiyyətlə, elə rayonlarımız var ki, heç orda bunun izi-tozu da yoxdur. Bu infrasturkturu qurmaq lazımdır. Elektrik mühərrikli avtomobillərə gömrük güzəştləri və digər stimullaşdırıcı addımlar atılmalıdır ki, vətəndaşlar həmin avtomobillərə sevgi ilə yanaşsınlar, digər avtomobillərdən daha çox bunlara üstünlük versinlər”.

E.Muradlı məhz bu problemə görə elektromobillərdən imtina edən insanların olduğunu düşünmür: “Elektrik mühərrikli avtomobillərini satan insanlar mənim də rastıma çıxıb. Texniki qulluq imkanları məhdud olduğu, detallarının satılmadığı üçün həmin maşınları satan insanlar var. Nasazlıq ucbatından elektromobillərini Dubaya göndərən insanlar var. Həmin insanın imkanı var ki, Dubaya göndərə bilir. Birdən elə bir detalı xarab olur ki, 10-15 min manat xərc tələb edir. Məcburiyyətdən maşın başqa ölkəyə göndərilir”.

“Bu baxımdan belə avtomobillər üçün xüsusi peşə sahələri formalaşmalıdır. Peşə məktəblərində ayrıca fakültələr, ixtisaslar yaradılmalıdır ki, vətəndaşlar ixtisas seçərkən elektrik mühərrik ustası ixtisasını da seçə bilsinlər. Təbii ki, onlar vaxtı gələndə bundan böyük qazanc əldə edə biləcəklər. Amma bu gün üçün bir çox dillerlər bu işi görməlidir, maraq göstərməlidir ki, peşəkar usta heyəti formalaşsın, servis xidməti göstərilsin, maddi texniki baza olsun. Yəni oturub gözləməsin ki, hansısa bir detalın sirafişi Almaniyadan gəlsin. Bunun üçün 5 ay gözləməli olur. Necə adi avtomobillərin detalını yol kənarında olan mağazalardan ala biliriksə, istədiyimiz bir yerdə servisə təqdim edə biliriksə, bunun ən azından 60 faiz bənzəri də elektrik mühərrikli avtomobillər üçün yaradılmalıdır”, - deyə ekspert vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man