Bu görüntülər Şeyx Şamil küçəsində və Mətbuat prospektində çəkilib. Hər iki halda firma maşınları yolu kəsib. Avtosfer.az-ın kamerasına düşən videolarda gördüyünüz kimi, birinci halda 3 firma maşını ikinci cərgədə dayanaraq marketə yük boşaldır. Digər görüntü isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Qurd qapısana gələn yolda çəkilib. Bura dayanma-durmanın qadağan olunmasına baxmayaraq yük maşını marketə mal boşaldır. Mal da nə olsa yaxşıdır? Pepsi. Sanki pepsi olmasa camaat acından öləcək, bu səbəbdən də saat 5-6 arasında, pik saatda orada dayanıb mal boşaltmaq lazımdır. Görüntüyə diqqət edirsinizsə məhz həmin firma maşınına görə dairədə tıxac yaranıb. Firma maşınını ötən kimi yol boşalır və normal hərəkət mümkün olur.
Qayıdaq birinci görüntüyə. Axundov bağından üzü yuxarı qalxanda soldakı marketin qarşısında hər gün sıxlıq var. Çünki market açan adamın ağlına gəlməyib ki, bura gələn müştərilərin maşını olacaq və bunun üçün parkinq lazımdır. Adam ancaq cibini düşünür. Hər gün onlarla vətəndaş həmin marketdən alış-veriş edərkən dayanma-durma qaydasını pozduğu üçün cərimə olunur. Çünki parkinq yeri yoxdur. Hələ üstəlik, firma maşınları da günün nədənsə məhz pik saatlarında həmin marketə mal boşaltmağa gəlir ki, bu da vəziyyəti lap pisləşdirir.
Ümumi yanaşanda Bakıda bir çox küçələrdə nəqliyyatın normal hərəkətinə həmin bu firma maşınları mane olur. Dəfələrlə diqqət etmişəm ki, firma maşını yolu kəsir, hərəkətə maneə yaradır, düşünürsən ki, xeyli mal boşaldacaq. Bir də baxırsan ki, bir blok siqaret, bir qutu fanta-kola, biraz da saqqız verib getdi. Adam dəhşətə gəlir. Sanki bu fanta-cola, saqqız olmasa insanlar ac qalacaqmış.
Belə olmaz. Nəqliyyata aid qurumlar bu barədə ciddi düşünməlidir. Firma maşınlarını istənilən saatda yollara buraxmaq düzgün deyil. Yalnız vacib qida məhsullarını, çörəyi müəyyən saatlarda mağazalara çatdırmaq olar. Yoxsa, hansısa mağazaya bir qutu kola lazımdır deyə, Kola firmasının maşını Xırdalandan basa-basa şəhərin mərkəzinə gəlməməlidir.
Energetik içki daşıyan maşınlar hər tində dayanıb yol kəsir. Nolub? Bunu gecə gətirsən olmaz? Məsələn, vacib olmayan məhsulları axşam saat 8-dən sonra mağazalara versələr olmaz? Olar. Sadəcə bunun üçün hansısa qayda müəyyən etmək lazımdır.
Hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi İdarəsi bunu mütləq nəzərə almalıdır. Bu barədə təkliflər vermək lazımdır. Qanun qəbul etmək lazım deyil. Sadəcə olaraq, Nazirlər Kabinetinin bir qərarı ilə məsələni hüquqi yolla nizama salmaq olar.
Ancaq istisna olmamalıdır. Filankəsin marketinə yaşıl işıq yandırıb qalanlarını qadağan etmək düzgün yanaşma olmaz. Ümumi qərar qəbul etmək lazımdır. Yalnız zəruri qida məshullarını günün qeyri-pik saatlarında mağazalara çatdırmaq mümkün olsun. Qalanları axşam saat 8-dən səhər saat 7.30-dək işlərini görüb anbara qayıtmalıdır.
Təxmini hesablamalara görə, hazırda Bakıda gün ərzində 2 mindən çox müxtəlif ölçülü firma maşını hərəkət edir. Bunların daimi hərəkətdə olduğunu nəzərə alsaq rəqəm bizi narahat edir. Bu baxımdan, məsələyə ciddi yanaşmaq lazımdır.
Elməddin Muradlı
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man