Tanınmış jurnalist, hazırda özəl banklardan birində mətbuat katibi kimi çalışan Sülhiyyə Şirnova Sonxeber.az saytının qonağı olub.
Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:
- Özünüzü necə təqdim edərdiz?
- İnsanı tanıdan xarakteri, peşəsi, təhsili, məsələlərə baxışları, yanaşmalarıdır. Yaxınlıq məsafəsinə görə tanıyanlar bu sadaladıqlarımdan biri, bir neçəsi üzrə tanıyırlar, tanımayanlar da yəqin bu müsahibəni oxuyandan sonra varlığımdan xəbər tutacaqlar. Daha yaxından tanıyanlar bilir ki, pis adam deyiləm. Sülh, ədalət, yaxşılıq, sevgi, mərhəmət, empatiya ən sevdiyim və məncə, xarakterimi ifadə edən sözlərdir.
- Uşaqlığınız necə keçib? Məktəb illərində necə şagird olmusunuz?
- Mən də uşaqlığı, yeniyetməliyi, gəncliyi müharibə, işğal, köçkünlük dövrünə düşən nəsildənəm. Yadımda qalanlar daha çox kədərli xatirələrdir. Doğmaların, doğulduğun evin, kəndin itkisi və bu itkilərin yaratdığı travmalarla dolu məktəbli həyatı. Yadımdadır ki, sakit, sözəbaxan uşaq, dərsoxuyan, nümunəvi şagird olmuşam. 8 il kənd məktəbində oxumuşam və hər zaman dərs əlaçısı olmuşam. Texniki fənləri də, humanitar fənləri də sevirdim. Atamın öz məktəbimizdə müəllim olması, məsuliyyətimi bir qədər də artırıb. 9-11-ci sinifləri Bakıda 1 saylı fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxumuşam və ali təhsilimi indiki UNEC- İqtisad Universitetində almışam.
- İqtisadi yönümlü ali təhsil alsanız da, uzun illər jurnalist kimi çalışmısınız. Jurnalistika uşaqlıq xəyalınız olub?
- Orta məktəb vaxtı sinfimizdə ən yaxşı inşanı həmişə mən yazırdım. Yazmağa hər zaman marağım olub. Səhv etmirəmsə, 5-ci sinifdə oxuyanda o zamankı "Kommunist" qəzetində "Məktəbli forması lazımdırmı?"mövzusunda bir məqalə dərc olunmuşdu və ədəbiyyat müəllimimin köməyi ilə cavab məqaləsi yazıb redaksiyaya göndərdim. Bir müddət sonra qəzet yazıya reaksiyaları dərc etmişdi və cavab yazanların siyahısında mənim də adım qeyd olunmuşdu. Yadımdadır ki, həmin qəzet günlərlə kənddə əldən-ələ gəzdi ki, Tiflis müəllimin qızının adı qəzetdə çıxıb. Bilmirəm o yazıdan sonra oldu ya əvvəl idi- özümü həmişə xəyalımda müharibə meydanında çəkiliş aparan televiziya müxbiri kimi düşünürdüm. Bəlkə də sovet müharibə kinolarının təsiri idi. 9-cu sinifdən isə məhz atamın arzusunu yerinə yetirmək üçün riyaziyyat müəllimi olmaq istəyirdim. Təhsilimi liseydə davam etdirməyimdə məqsəd də bu idi. Amma sonra fikrimi dəyişdim və İqtisad Universitetini seçdim. Əslində jurnalistikaya gəlişim iş axtarmaq zərurətindən yarandı və dərsdən sonra qəzetdə iqtisadi mövzulardan yazmağa başladım. Qəzetlərdə imzam tanından sonra, həyatımın televiziya dövrü başladı və 10 il televiziya əməkdaşı oldum.
- Yəqin mətbuat katibi olmağınıza da elə jurnalistika fəaliyyətiniz səbəb olub. Tanıdığımız mətbuat xidmətlərinin əksəriyyətinin əvvəlki iş yeri qəzet, televiziya olub.
- Hər halda bu əsas səbəblərdən biridir. Yolum jurnalistikadan keçməsəydi, öz ixtisasım üzrə çalışsaydım, yəqin ki iş karyeram başqa istiqamət üzrə olardı. Amma jurnalistikadan sonra ən düzgün seçimin PR sahəsi olduğunu düşündüm. Jurnalistikanın yaratdığı alışqanlıqdan sonra tamamilə başqa sahədə işləmək, jurnalistika ilə əlaqəni birdəfəlik kəsmək çətin olur. Həm jurnalistikanı tamamilə tərk etməmək, həm də o zaman ən yaxşı bacardığım işi görmək üçün PR əməkdaşı kimi çalışmağı seçdim. Yəni televiziyadan çıxmağı düşündüyüm son illərdə yeni işimin nə olacağı haqda qərarı vermişdim. Elə axtarışlarım da bank sektorunda idi. Jurnalistikanın verdiyi azadlıq və azad ruhun qorunması, hər kəsin bacarıqlarına görə dəyərləndirildiyi sahə axtarışımda mənim üçün ən cəlbedici yer bank idi.
- Jurnalistikaya bu qədər bağlı idinizsə, niyə elə televiziyada işinizə davam etmədiniz?
- Belə bir deyim var: jurnalistikadan, televiziyadan pensiyaya çıxmaq olmur. Nə qədər istedadlı, peşəkar olsan da, kimsə sənə təminat vermir ki, neçə il burda işləyəcəksən. Jurnalistika hərəkətli sahədir və buna görə yaş faktoru vacibdir. Düzdür, hətta televiziyadan getmək haqda qərar verməyim belə illər çəkdi. Amma gördüm ki, televiziyada nə, kim olmaq istəyirdimsə, hamısından olmuşam və burda nə vəzifə, nə ad baxımından maraqlı olan nəsə qalmayıb. Ən əsası isə inkişaf üçün mərhələ yoxdur, təkrar işlərlə məşğulam və getməyə qərar verdim. Bir iş yerində artıq sənin o iş yerinə və o iş yerinin sənə verəcəyi nəsə yoxdursa, demək ki, getmək vaxtı yetişib.
- Jurnalistika yoxsa mətbuat xidməti- hansı daha çətindir?
- Hərəsinin öz çətinliyi, oxşar və fərqli tərəfləri var. İş qrafiki baxımdan televiziya daha ağır idi. Bayram yox, istirahət günü yox. Amma sən yalnız öz hazırladığın materialın məsuliyyətini çəkirdin. Bir şirkətin ictimaiyyətlə, mətbuatla əlaqəli əməkdaşı olmaq isə daha çox məsuliyyət yaradır. Sən böyük bir şirkətin ictimai rəyinin düzgün qurulmasına, onun nüfuzunun qorunmasına məsulsan. Yəni PR-ın işi daha çətindir.
- Bəs sahələrə görə PR fəaliyyəti asanlığına, çətinliyinə görə fərqlənirmi? Sizin üçün dövlət və ya özəl şirkətin və yaxud da sahə fərqliliyi olan şirkətlərin PR fəaliyyətini aparan şəxs olmağın bir fərqi varmı?
- Fəaliyyətin adı, işin mahiyyəti eyni olsa da, təbii ki təmsil etdiyin qurumun hansı sahədə olması, müraciət auditoriyasının kimlər olması fəaliyyətini, məsuliyyətini fərqləndirir. Deyək ki, bir neçə xəbər saytında və ya sosial şəbəkələrdə yayılmış hansısa neqativ xəbər və ya qara PR aid olduğu şirkətlərin imicinə, fəaliyyətinə fərqli təsir edə bilər. Saytda Metropolitendə kondisionerin işləməməsi, yaxud ictimai nəqliyyatda sıxlıq haqda neqativ xəbərlər yaxud sosial şəbəkədə yazılmış onlarla şikayət, o qurumların imicinə təsir edə bilər, amma fəaliyyətinə mənfi təsir etmir. Bu xəbəri oxuyan insanlar kütləvi şəkildə metroya, yaxud avtobusa minməkdən imtina edirmi, nəqliyyat sahəsi böyük müştəri itkisinə məruz qalırmı? Təbii ki yox. Yaxud marketdə bir məhsulun içindən qurd çıxdı, alıcılar o marketi boykot edirmi, market böyük müştəri itkisinə, nəticə olaraq iflasa gedirmi? Xeyr. Keçici olaraq bir qədər imiclərinə ziyan dəyə bilər. Amma daha həssas sahələr var. Həmin həssas sahələr həssas dövrlərdə yalan yaxud doğru olmasından asılı olmayaraq bir neçə neqativ xəbərdən, böyük müştəri qrupu itirə bilər, fəaliyyətini dayandırmağa qədər gedə bilər. Məsələn, devalvasiya dövründə bir sıra banklar bunu yaşadı. Eləcə də şirkətin böyüklüyü, kiçikliyi, müraciət etdiyi, xidmət göstərdiyi auditoriya bunlar da PR-ın işinə təsir edən məqamlardır. 1 milyon müştərisi olan bir şirkətlə, 20-30 min müştərisi olan şirkətin ictimai nüfuzunun daşıdığı risklər eyni deyil. 1 milyon müştəridən əsaslı və ya əsassız olmasından asılı olmayaraq məsələn, deyək ki 1-2%-i müxtəlif zamanlarda da olsa, narazı olacaq və bu narazılığın sosial şəbəkədə, xəbər saytlarında yayılması şirkətin imicinə, PR-ın fəaliyyətinə təsir edəcək. 20-30 min nəfərin 1%-nin narazılığı isə o qədər nəzərə çarpmır. Dövlət qurumlarını götürək. Kommunal, nəqliyyat yönümlü nazirliklər haqda neqativ məqalələr, rəylər daha çoxdu. Çünki onların xidmətindən bütün əhali-milyonlar istifadə edir. Lap nə qədər yaxşı xidmət olsa da, həmişə kimlərsə xidmətdən narazı qalacaq. Bu narazı qrupun rəyi isə həmin qurumların imicinə mənfi təsirini hər zaman saxlayacaq. Amma elə qurumlar var ki onların müştərisi, xidmətinin istifadəçisi hansısa az sayda şəxslər yaxud şirkətlərdir. Amma haqlarında bir dənə neqativ xəbər görməzsən. Bu o demək deyil ki həmin qurum o kommunal qurumlardan daha problemsiz işləyir.Yəni kiminsə haqda neqativ xəbər çıxır, kiminsə haqda neytral xəbər çıxır və bunlara təsir edən həm də şirkətin, qurumun işlədiyi, xidmət verdiyi auditoriya, onun kəmiyyətidir.
- Siz Bank PR əməkdaşı olaraq saytlarda, sosial şəbəkələrdə çıxan neqativ xəbərlərə, bununla bağlı sorğulara nə dərəcədə aydınlıq gətirirsiniz?
- Bu xəbər, məlumat bankın ümumi fəaliyyəti, maliyyə vəziyyəti, xidmət və məhsulları ilə bağlıdırsa, dərhal cavablandırılır, mövqe bildirilir. Amma hansısa müştərinin şikayətidirsə, bank qanunvericiliyi müştəri məlumatlarını üçüncü tərəfə açıqlamağı qadağan etdiyindən təəssüf ki, belə sorğulara cavab verə bilmirik. Şikayət haqsız olduğu halda belə buna açıqlama gətirmək olmur, yalnız müştərinin özünə məlumat verilə bilər. Haqqında yalnız məhkəmə qərarı olduğu halda müştəri ilə bağlı deyək ki hansısa mətbuat qurumunun sorğusunu cavablandırmaq mümkündür.
- Nə vaxtsa PR fəaliyyəti ilə vidalaşmaq fikriniz varmı?
- Bunu zaman göstərəcək. Əgər uzun yaşayarsam, yəqin ki pensiyaya çıxanda sonuncu iş yerindəki vəzifəm PR mütəxəssisi olmayacaq.