İlon Maskın "Twitter”i 44 milyard dollara satın alması ilə bağlı bir çox iddialar irəli sürülüb.
Sfera.az bildirir ki, ABŞ-da texnologiya şirkətlərinin yerləşdiyi Silikon Vadisində Maskın bu hərəkəti ilə dostu, "Twitter”in qurucusu Cek Dorsinin qisasını aldığı deyilir. Belə ki, Mask və Dorsey əvvəllər sosial şəbəkədə kripto pul və "web3” kimi qarşılıqlı maraqlarını müzakirə etməklə yanaşı, layihələri üçün də dəstək mesajlarını paylaşıblar. Dorsey 2006-cı ildə təsis etdiyi "Twitter”in baş direktoru vəzifəsindən keçən il şirkətdə böyük paya malik olan "Elliott Management”in təzyiqləri ilə istefa verib. Ardınca İlon Dorsiyə dəstək mesajı göndərib: "Mən Dorsini dəstəkləyirəm. Onun yaxşı ürəyi var”.
İndi "Twitter”in yeni sahibi Maskın "ifadə azadlığı” anlayışının demokratiyanı təhlükəyə atacağına dair narahatlıqlar olsa da, Dorsinin satışdan məmnun olduğunu açıqlaması diqqət çəkib. Baş direktor vəzifəsini tərk etsə də, "Twitter”in direktorlar şurasında olan Dorsinin şirkətin ilkin olaraq baxdığı satış təklifini Maskın xeyrinə yekunlaşdırdığı iddia edilib. Silikon Vadisinin ən nüfuzlu texnoloji jurnalistlərindən biri olan Kara Sviser, "Satış internet nəhənglərinin bıçaq çıxarmaq versiyasına bənzəyir”, - deyə bildirib. Silikon Vadisindəki vençur kapitalisti David Saks da satışın Dorsinin qisas planı olduğunu irəli sürüb.
Başqa bir iddiaya görə, İlon Mask "Twitter”i almaqla "ulduz”a çevrilərək qazanc əldə etməyi planlaşdırır. "Bloomberg”in əməkdaşı Matt Levin, "Mask gücünü artırmaq üçün "Twitter”dən istifadə edəcək. Birbaşa ictimaiyyətə çatmaq, qarşıdakı günlərdə onun üçün böyük dəyər yaradacaq", - deyib.
Günay Rəsulqızı
Sfera.az